Tarix : 2017 Aug 22
Kod 52626

Z. Mikayılzadə: "İstədilər ki, bizi Suriyadakı terrorçuların davamı kimi göstərsinlər"

İstədilər ki, bizi də İraqda, Suriyada döyüşən terrorçuların davamı kimi göstərsinlər, amma nə oldu? Artıq hər şey ictimaiyyətə aydın olur".
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan Quran Hafizi Höcətül İslam Hacı Zülfüqar Mikayılov, Höcətül İslam Hacı Elman Ağayev, Höcətül İslam Hacı Ramil Seyfullayev, Höcətül İslam Hacı Ruzi İsmayılov dindar aktivistlərdən Məşhədi Faiq Allahverdiyev, Məşhədi Mehman Quliyev, Məşhədi Mehman Məmmədov, Məşhədi Eldar Bünyatov, Məşhədi Elxan Həsənov, Məşhədi Mübariz İbrahimov, Məşhədi Əli Hüseynov, və Məşhədi Cabir Əliyevin qondarma cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Zeynal Ağayevin sədrlik etdiyi proses başlamazdan əvvəl Zülfüqar Mikayılzadə çıxış edib:

"Bu gün İslamın əsl siması yavaş-yavaş dünyaya tanınır. Suriyada, İraqda baş verənlər, bir neçə gün əvvəl İspaniyada olan terror aktı İslamın siması deyil. Bəziləri istəyir onları İslam kimi təqdim eləsin, amma əksi baş verir. Çünki bu din mənəviyyat dinidir, bütün insanlara ünvanlanan açıq, konkret mesajları var. İstədilər ki, bizi də İraqda, Suriyada döyüşən terrorçuların davamı kimi göstərsinlər, amma nə oldu? Artıq hər şey ictimaiyyətə aydın olur".

Bundan sonra hakimin gəlməsi ilə məhkəmə prosesi başlayıb. Prosesdə müdafiə tərəfinin vəsatəti əsasında iki hal şahidi dindirilib. Şahidlər təqsirləndirilən Ramil Seyfullayev və Ruzi İsmayılovun həbs epizodu üzrə sualları cavablandırıblar. İlk öncə Gəncədə saxlanılmış Ramil Seyfullayevin üzərinə baxış zamanı hal şahidi olmuş Fazil Qəhrəmanov zala dəvət edilib. O, bir çox suallara "yadımda deyil, bilmirəm", - deyə cavab verib. Hal şahidi bunu Qarabağ və Əfqanıstan müharibəsi zamanı aldığı "kantuziya" ilə əsaslandırıb:

"Polisin qabağından keçirdim, məni çağırdılar, girdim içəri. İki polis çağırdı, mən də maraq üçün girdim. Qara torba vardı, onun içindən "F-1" qumbaraları və jurnallar vardı. Nə gördüm, onu da izahatda yazdım"

F.Qəhrəmanov daha öncə və sonra heç bir prosesdə hal şahidi olmadığını deyib. Ondan sonra digər hal şahidi Qoşqar Əliyev dindirilib. O, Ruzi İsmayılovun üzərinə baxış zamanı şahidlik etdiyini bildirib:

"Polis idarəsinin qabağından keçirdim, məni polis, səhv eləmirəmsə, Elnur müəllim idi, idarəyə dəvət elədi. Qoşqarın əlində komputer çantası vardı, içindən "RQD-5" və "F-1" qumbaraları və narkotik çıxdı. Özü dedi ki, bunları tapıb, səhv eləmirəmsə, zibillikdən tapdığını dedi".

O, vəkillərin suallarını cavablandırarkən, R. İsmayılovun üzərinə baxış zamanı üzündə xəsarət izləri olduğunu, gözünün altında qaraltı olduğunu deyib.

R. İsmayılov isə bildirib ki, ona zor tətbiq edərək, bu sözləri deməyə məcbur ediblər:

"İşgəncələrlə, şantaj edərək məcbur etdilər ki, elə deyim".

Proses bununla bitib. Növbəti məhkəmə iclası avqustun 28-ə təyin olunub.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

  • Yazılıb
  • da (də) 2017 Aug 22
  • Göndərən مدير سايت Aran News