Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş fəalı Ruslan Qarayev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edir. Yerli məhkəmələr gənc fəalın bütün şikayətlərini rədd ediblər.
Meydan tv-Bu haqda onun vəkili Əsabəli Mustafayev bildirib. Deyib ki, Sumqayıt Apelyasiya Məhkəməsi cəbhəçi gəncin şikayətini rədd edib:
“Apelyasiya şikayətimizə avqustun 21-də baxıldı. Əvvəlki məhkəmələrin təkrarı idi. Məhkəmə sadəcə, aşağı məhkəmənin qərarını təsdiqlədi, 20 sutkalıq inzibati həbs qərarını qüvvədə saxladı”, – deyən vəkil artıq, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırladıqlarını bildirib. Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətdə gənc fəalın hüquqlarının pozuntusunun tanınması və kompensasiya tələb olunacaq.
Vəkil, həmçinin, Ruslan Qarayevin son bir ildə 3 dəfə inzibati qaydada həbs olunduğunu, əvvəlki iki iş üzrə şikayətlərinin artıq, Avropa İnsan Hüquqları Məhkəməsində olduğunu bildirib.
AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevdən avqustun 11-i səhər saatlarından xəbər almaq mümkün olmamışdı. Günün sonunda bəlli olmuşdu ki, onu polis saxlayıb və ardınca 20 sutka inzibati həbs cəzası verilib.
Vəkili R.Qarayevin o zaman saxlanılması ilə bağlı belə demişdi:
“Guya yaşadığı evdən çölə çıxıb, ünvansız söyüş söyməyə başlayıb. Bu zaman təsadüfən, orada olan mülkigeyimli polis əməkdaşları ondan söyüş söyməsini dayandırmasını tələb ediblər. Guya R.Qarayev onların tələblərinə tabe olmayıb”.
Hazırda AXCP-nin 10-dan çox fəalı uzun müddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.