Nur-az.com:Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında son zamanlar ölkədə məmur övladlarının özbaşınalığından danışıb. O, əsasən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri (“Qaçqinkom”) Əli Həsənovu hədəf alıb: “Cəmiyyətdə son zamanlar məmur övladları ilə bağlı xoşagəlməz hallar yaşanır. Məsələn, ”Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsinin milyonlarla dollar dəyərində maşın kolleksiyasının olduğunu gördük.
Hələ bu, sərvətlərinin çox az bir hissəsidir. Ümumiyyətlə, burada, sadəcə olaraq, məmurun nəvəsinin harınlaşmasından söhbət gedir. Əli Həsənovun özü bir zamanlar Azərbaycan ictimaiyyətinə nəsihət, təlim-tərbiyə verirdi ki, mənim övladlarım belədir, elədir. Axırı gördük nələr çıxdığını. 21 yaşında uşağın 5-6 milyonluq maşın kolleksiyasının olması kiçik məsələ deyil. İndi də vurub 2 nəfəri öldürdü, həbsxanada komfort həyat yaşayır. Burada söhbət baş nazirin müavini Əli Həsənovdan gedir. Əli Həsənov dövlət tərəfindən Azərbaycanın məcburi köçkünlərinə ayrılan pulları mənimsəyib. Bu adamın Sumqayıtda onlarla mənzili var. Bir generalın oğlu hansısa sürücüyə sillə vurdu və dərhal atası vəzifədən kənarlaşdırıldı. O zaman bəs niyə Əli Həsənov vəzifədən getməməlidir? Nə üçün bu adam nəvəsinin sahib olduğu pullara görə hesabat verməməlidir? Bu məsələlər çox ciddidir. Biz yalnız dövləti qorumalıyıq. Yoxsa biz daha durub hökumətin üzvlərini qorumamalıyıq. Onların əksəriyyəti korrupsionerdir. Hansını tərpədirsənsə, altlarından milyonlarla dollar, tonlarla qızıl çıxır. Bizim bəzi yoldaşlar dövlətlə hökuməti qarışdırırlar. Baxın, Tağı Əhmədov milyonları yedi, indi də cəzasız ortalıqda gəzir. Eldar Mahmudovla Ziya Məmmədov da onun kimi. Ziya Məmmədov faktiki olaraq milyardları yığdı, indi də aparıb Milli Şuranı maliyyələşdirir. Yaxşı, bunları kənara qoyaq, bəs 70 yaşlı Əli Həsənov niyə vəzifədə qalmalıdır bu qədər hadisədən sonra? İkinci tərəfdən də, bu adam hələ Yeni Azərbaycan Partiyasında da müavin vəzifəsindədir. Heç olmasa, ölkə ictimaiyyətinə hörmət edib, istefa versin. Onun nəvəsini kukla kimi təcridxanada kondisionerli otaqda oturtmağın nə mənası var? Sabah da hansısa adla məhkəmədən azad edəcəklər".