Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
islamazeri.az-Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Fətvada deyilir ki, qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir:
"Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişidir. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir - şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir.
"Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın!..." (Ali-İmran:103)
"....(fərqlilikləriniz) sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın..." (Maidə: 48)
Fətvada bildirilir: "Şükürlər olsun ki, doğma Azərbaycanımız həmişə dinlərarası tolerantlıq və müsəlman həmrəyliyinin məskəni olub. Prezident İlham Əliyev həzrətlərinin bu istiqamətdə apardığı siyasət, gündəmə gətirdiyi mövzular və dəstəklədiyi beynəlxalq tədbirlər bunun bariz nümunəsidir.
Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır:
"...Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc:37)
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Əziz Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun".
Fətvada qeyd edilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək: "Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü - sentyabrın 1-ni və 2-sini qeyri-iş günü elan edib.
Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə vətənimizi və millətimizi xüsusi dua etməliyik. Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, köçkün düşmüş soydaşlarımızın tezliklə doğma yurdlarına qayıtmasını dua etmək bir müsəlman olaraq hər birimizin vəzifəsidir. Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını nəsib etsin!
Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu bayramın daşıdığı dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan diləyir. Allah-Təala bütün ibadətlərinizi qəbul etsin!"