Bir sıra tanınmış siyasi məhbusların, o cümlədən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət olunub.
Nur-az.com:Vəkildən şikayətçi olan isə Penitensiar Xidmətdən göndərilib. Bu qurum nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan Abbas Hüseynova orada verilən işgəncələrin ictimailəşməsindən narazı qalıb. Penitensiar Xidmət vəkili Abbas Hüseynova verilən işgəncələrlə bağlı məlumatları yaymaqda günahlandırır.Yalçın İmanov “Azadliq.info”ya açıqlamasında ondan Vəkillər Kollegiyasına şikayət edildiyini təsdiqləsə də, şikayətin məzmunu ilə tanış olmadığını bildirib: “Vəkillər Kollegiyasının İntizam Komissiyasından əlaqə saxlayıb haqqımda şikayət daxil olması barədə məlumat verdilər. Gedib şikayətlə tanış olacağam”.
Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşərkən ona bildirib ki, Kürdəxanıdakı istintaq təcridxanasından Qobustan həbsxanasına gətirildikdən dərhal sonra işgəncələrə məruz qalıb. Onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında əlləri qandallı vəziyyətdə onu dəyənəklə döyüb. Ardınca da soxulcanlarla dolu “kars” otağına salıblar.
Nardaran məhbusunun başına gələnlər ictimailəşəndən sonra Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Penitensiar Xidmətin şöbə müdiri də həbsxanada ona baş çəkib. Abbas Hüseynov başına gətirilənləri, o cümlədən həbsxanada günün altında çarmıxa çəkilməsini onlara da danışıb.
Həmçinin Abbas Hüseynovun həbsxanada işgəncələrə məruz qalması ilə əlaqədar məhkəməyə də müraciət olunub.
Amma hələ ki, Abbas Hüseynova işgəncə verənlər cəzalandırılmayıb.