Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda şahidlər ifadə verib.Tural Allahverdiyev və Azad Kərimov adlı şəxslər ifadələrində istintaq zamanı təzyiqə məruz qaldıqlarını, onlardan Taleh Bağırzadə əleyhinə ifadə alındığını deyiblər.
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev də ifadə verib. C.İmamverdiyev bundan əvvəlki iclasda da şahid kimi dindirilib. Həmin vaxt onunla təqsirləndirilən şəxslər arasında mübahisə baş verib və təqsirləndirilənlər ona butulka atıblar. Hakim isə C.İmamverdiyevi zaldan çıxardığı üçün ifadəsi yarımçıq qalıb. Bu gün yenidən dindirilən C.İmamverdiyev deyib ki, Nahid Qəhrəmanov, Ramil Əliyev və Vüsal Alış adlı təqsirləndirilən şəxslərin evlərində aparılan axtarışda iştirak edib.
Təqsirləndirilən Ramil Əliyev isə ona sual vermək istəyib. Sualdan əvvəl isə Ramil Əliyev axtarışla bağlı bəzi məsələlərə aydınlıq gətirmək üçün arayış vermək istəyib.
Hakim isə onun sözünü yarımçıq kəsib. Bu təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Onlar hakimi qərəzli olmaqda ittiham ediblər. R.Əliyev deyib ki,həmin şəxs onun evində axtarışda iştirak etməyib. C.İmamverdiyev ifadəsində deyib ki, R.Əliyevlə bağlı əməliyyat məlumatı daxil olub və buna görə Cəlilabada gedib, onu evinin qarşısında saxlayıblar. R.Əliyev isə deyib ki, şahid yalan danışır, onu polis şöbəsinə dəvət ediblər, C.İmamverdiyevi də orada görüb. Şöbədə onun qoluna qandal taxıldığını deyən R.Əliyev bildirib ki, onu evinə aparıblar, silahları polislər özləri evə qoyub, sonra da götürüblər.
Nahid Qəhrəmanov də oxşar arayış verib. Bildirib ki, Sərdar Bünyatov adlı Nardaran sakini olan tanışının evində qalıb. Növbəti gün polislər gəlib onları polis bölməsinə aparıblar:"Daha sonra məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb,döyə-döyə ifadəyə qol çəkdirdilər ".
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov da şahid qismində ifadə verib. Bildirib ki, təqsirləndirilən Əli Şahbazovun tutulmasında iştirak edib. Onu Nardaranda xəstəxananın yanında tutduqlarını, üzərindən T.Bağırzadənin müraciət kitabçası olduğu deyilən kitabça və qumbara alışdırıcısı aşkar edildiyini deyən Ağabəyov bildirib ki, hər hansı müqavimət olmayıb və sənədləşmə üçün onu idarəyə aparıblar.
Ə.Şahbazov isə deyib ki, onun tutulmasında İ.Ağabəyov iştirak etməyib:
"Məndən bir gün əvvəl atamı - Ağabala Şahbazovu həbs etmişdilər. Mənim üzərimdə nə kitabça, nə silah olub. Məni tutanda təklif etdilər ki, dörd qardaşsınız, biriniz boynunuza alın, atanızı buraxaq. Mən də buna razılaşdım. Ancaq sonradan atamı buraxmadılar və iki qardaşımı da həbs etdilər. Bir qardaşımın istintaqı gedir. Ən ağır ittihamı mənə verdilər. Atama iki il doqquz ay, qardaşımın birinə isə bir il doqquz ay cəza veriblər".
Proses setyabrın 8-də davam edəcək.
Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.
Nardaran hadisələrinə görə gəbs edilən şəxslər ittihamı qəbul etmirlər və saxta adlandırırlar. Taleh Bağırzadə bundan əvvəl də bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə bildirir ki,həbsi də bununla bağlıdır.