azadliq.org-“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun həbsindən sonra dünyaya gəlmiş oğlunun ad məsələsinə daha bir məhkəmə çəkişməsində baxılıb. İyulun 25-də bir yaşı tamam olmuş uşağa “Əbülfəzlabbas” adının verilməsi ilə bağlı ilahiyyatçının xanımı Leyla İsmayılzadənin şikayətinə bu dəfə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Afaq Nuriyevanın sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.valideynləri uşağa “Əbülfəzlabbas” adını qoysalar da, Yasamal Rayon Qeydiyyat Şöbəsi bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edib: “Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun tövsiyə etdiyi adlar siyahısında "Əbülfəzlabbas" adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza "Əbülfəzlabbas" adının verilməsi mümkün deyil”.
Leyla İsmayılzadə Yasamal Rayon Qeydiyyat Şöbəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova iddianı təmin etməyib. Apellyasiya şikayəti də onun qəbul etdiyi qərardan verilmişdi.
“Bu ad tələffüzə görə uyğun deyil”
“Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirən, cinsinə uyğun gəlməyən, gülünc adların qoyulmasına yol verilmir. Valideynlərinin uşağa vermək istədiyi ad bu kateqoriyaya aid edilə bilməz. Ailə Məcəlləsinə görə də uşağa ad valideynlərinin razılığı ilə verilir. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının hazırladığı, uşağa qoyulması tövsiyə edilməyən adlar siyahısında “Əbülfəzlabbas” adı yoxdur”, - Leyla İsmayılzadənin nümayəndəsi Yalçın İmanov məhkəmədə belə deyib.
Buna da bax: Taleh Bağırovun oğluna doğum şəhadətnaməsi verilmir
Birinci instansiya məhkəməsi qərarında yazır ki, “Əbülfəzlabbas” adı tələffüz baxımından uşağın mənafeyinə uyğun sayılmır. Vəkil deyir ki, məhkəmə bu mövqeyini əsaslandırmayıb, tələffüzün niyə uyğun sayılmadığını göstərməyib.
Müdafiəçi Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək: “Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Dövlət orqanının bu cür davranışı isə birbaşa müdaxilədir”.
Xatırlatma
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyatda ikisi polis, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər ilyarımdan 6 il yarımadək həbs cəzası alıblar.
Taleh Bağırova 20 il həbs cəzası verilib. O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. İlahiyyatçının sözlərinə görə, həbs olunarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran işi”ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri məhkəmədə təkzib ediblər.