Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 118 dəfə pozublar.
azadliq.org-Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli Berd rayonundan da Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan kəndləri atəşə tutulub.
Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.
Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Novruzlu və Yusifcanlı kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.
Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndi yaxınlığında, Goranboy və Göygöl rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.