Yazıçı Əkrəm Əylisli son olaylarla bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb.- Əkrəm müəllim, “Turan”İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibətiniz necədir?
- Hamı kimi mən də Mehman bəyin həbsinə müsbət yanaşa bilmərəm. Mən Mehman Əliyevi çox təmiz və vicdanlı adam kimi tanıyıram, başqa tərəfdən onu tanımıram.
- Sizcə, o, niyə həbs olundu?
- Bu məsələlərin dərinliyinə bələd deyiləm. Amma məlum məsələdir də, bu sualın cavabı var və cəmiyyətə də aydındır ki, Mehman Əliyev niyə həbs olundu?! Bunu xırdalamağa ehtiyac hiss etmirım.
- Bəs Mehman Əliyevin həbsi Azərbaycan cəmiyyətinə necə təsir edəcək?
- Mən ömrü boyu cəmiyyətin sağlamlığını arzulayan insanam. Baş verənlər cəmiyyətin sağlamlığına aparmır. Biz səmimilikdən uzaqlaşdıqca, hər şeydən uzaqlaşırıq. Birinci növbədə insan faktorundan uzaqlaşırıq, insan ikinci dərəcəli bir şeyə çevrilir. İnsan mənəviyyatı, daxili varlığı yoxa çıxır. Biz həssas olmalıyıq, amma Azərbaycan cəmiyyətinin təbiətində artıq, həssaslıq yox dərəcəsindədir.
- Bir sıra şəxslər son illər Azərbaycan cəmiyyətinin laqeydləşdiyini, maddiyyata meylləndiyini deyirlər vənarahatlıqlarını ifadə edirlər.Bu fikirlərlə bölüşürsünüzmü ?
-1970-ci illərdə yazdığım əsərlərimin birində qəhrəmanın biri o birinə deyirdi ki, çıxaq bayıra, görək, insan bir gecədə nə qədər dəyişir?! Yəni insanların maddiyata güclü meyllənməsi problemi yalnız Azərbaycan yox, dünyanın problemidir. Bəşərdə maddiyyata çox güclü istək yaşanır, insana bir şey vermək yox, ondan nəsə qoparmaq ruhu hakimdir. Çox ağır söhbətdir.
- Ancaq Azərbaycan cəmiyyətində 90-cı illərinin əvvəlində insanlar öz hüquqlarını tələb etməkdən çəkinmirdilər, bəs indiki halı nədən yarandı?
-Ümumiyyətlə, cəmiyyət ona görə belə vəziyyətə düşür ki, xalqın daxili mənəvi enerjisinin qüdrəti pisliyin qarşısını almaqda aciz olur. Sağlam cəmiyyət mənfiliyə zor gəlməlidir, sağlam olanlarda xəstə ruh güclənir. Sovet dövründə, 1985-ci ildə “Literaturnaya qazeta”ya yazmışdım ki, bizi səmimiyyətdən uzaqlaşmaq məhv edəcək. Amma məqaləmi çap etmədilər, cavab verdilər ki, filan yerlərini dəyiş. Görün, nə qədər zaman keçib, 32 il, bir qərinə olacaq. Əlbəttə, yazıçı üçün cəmiyyətin mənəvi saflığına ehtiyac xüsusi şeydir.
-Azərbaycan ziyalıları indiki vəziyyətdə nə etməlidirlər?
- Məncə, hər kəs öz vicdanından çıxış edib hərəkət etməlidir. Yalnız öz mənafeyi üçün çalışmamalıdır, özünü üzdə saxlayıb aşağıda çürüntüyə yol verməməlidir. Mənim təsəvvürümə görə, Azərbaycan ziyalısı, hələ, dediklərim üçün yetişməyib.
- Bugünlərdə Mehman Əliyevin həbsiylə əlaqədar bir sıra deputatlara, ziyalılara zəng edib münasibət öyrənməyə cəhd etdik, sualımızı eşidən kimi telefonu söndürdülər. Bu münasibət nədən doğur?
-İndiki dövrdə vəzifədə olmaq bu cür insanlar üçün hər şeydir. Bir zamanlar Rus yazıçısı Şukşin yazırdı ki, adam vəzifədən düşdü, olur heç nə. Yəni heç nə olmamaq xatirinə yuxarıda olmaq, rahat dolanmaq onlar üçün vacibdir. İndi məlum olur ki, kimsə bir vəzifəyə sahibdirsə, həmin vəzifə ona hər şeyi verir. Heç vaxt, sovet dövründə də vəzifənin hesabına bu qədər varidatlı, dəbdəli güzəran düzəlmirdi. Baxırsan ki, vaxtilə adi adam olub, vəzifəyə təyin ediləndən sonra öz mənfəəti, ailəsi üçün çalışıb. Bu, əxlaqi cəhətdən deqradasiya deməkdir.
- Mehman Əliyevin həbsiylə bağlı yalnız ölkədən kənarda yaşayan yazıçı Çingiz Hüseynov münasibətini sərgiləyib. AncaqYazıçılar Birliyinin üzvləri susur...
- Yazıçılar Birliyinin varlığı ötən əsrin 90-cı ilıərində mənim üçün bitib. 1991-ci ilin fevralında sonuncu dəfə Yazıçılar Birliyindən çıxmışam. Bu qurum heç vaxt Azərbaycan xalqının mənəviyyatı üçün böyük iş görmək fikrində deyil. Azərbaycan Yazıçılar Birliyində məmur xoşbəxtliyi, rahatlığı hökm sürür...
- Bəs keçmiş Heydər Əliyevin hakimiyyəti zamanı durum fərqliydi, yazıçılar, alimlər cəmiyyətdəki problemlər, Dağlıq Qarabağ məsələsi barədə müraciət yayırdılar. Nə baş verdi ki, bu cür susqunluq yaşanır?
- Söhbət ondan gedir ki, o təşkilatı saxlayan Heydər Əliyev oldu. Heydər Əliyev olmasaydı bu təşkilatdakılar indiki güzəranın sahibi olmayacaqdılar. Dövlət büdcəsindən vəsait alırlar, 1600-2000üzvü ətraflarında fırladırlar. Büdcədən vəsait ayrılmasaydı, bu qurum yox idi. Yazıçılar Birliyininrəhbərliyində olanlar öz şəxsi təşəbbüsləri hesablarına önəmli ədəbiyyat yaratmayıblar, son 30 ildə cəlbedici bədii əsər yarada bilməyiblər. Bu qədər xərc çəkilir, amma faktiki olaraq ədəbiyyatın inkişafı üçün heç bir iş görülməyib. Əksinə, ədəbiyyatı elə köhnə yerində saxlamaq üçün işləyiblər.
-Yenidən Mehman Əliyevin həbsinə qayıdaq, nə etmək lazımdır?
-Mənə elə gəlir ki, onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir. Mehman bəy o taleyə layiq adam deyil. Bu adam Azərbaycana xidmət etmək, məmləkəti sivil şəkildə yaşatmaqdan ötrücanın verənlərdən biridir.
-Bir ara Ziyalılar Forumu vardı, bu qurumun üzvlərindən yalnız Cəmil Həsənli danışıb (sualı sonacan dinləmir)...
-Ümumiyyətlə, Ziyalılar Forumuna Mehman Əliyevlə bərabər riyaziyyatçı da, başqa sahənin adamları da gəlirdi. Ziyalılar Forumuna gələnlər Azərbaycanın demokratik gələcəyində maraqlı insanlar idi. Amma indi nə biləsən ki, kim istəyir, kim istəmir? Yaxud boğazdan yuxarı danışıb, o biri tərəfdə rüşvət alır. Artıq, Azərbaycan cəmiyyəti bütün harmoniyasını itirib. Düzdür, dünyanın özündə də vəziyyət heç də könül açan deyil. Həqiqətləri demirlər, Suriyanı, İraqı darmadağın edirlər və minlərlə günahsız insan həlak olur. Sanki kosmosdan kimsə gəlib edir.
- Yenidən Ziyalılar Forumunun toplaşıb mövqe bildirməsinə ehtiyac varmı?
- Ziyalı hardadır ki, sən ziyalı axtarırsan?! Ziyalıların bir qismi kefində, dəstgahında, üzdə çox böyük işlər gördüklərini göstərirlər, amma faktiki heç nə yoxdur...
Xatırlatma
Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.
Vergilər Nazirliyi avqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Mehman Hüseynov ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib.
Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.