Meydan tv-““Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin vergidən yayınma və səlahiyyət həddini aşma ittihamları ilə həbsi Azərbaycanda media azadlığı ilə bağlı narahatlıq yaradır”.Avropa Birliyinin Xarici Siyasət rəhbəri Federica Mogerinin sözçüsü Maja Kocijancic “Azadlıq Radiosu”na belə deyib.
O, mayda da Bakı məhkəməsinin 5 online medianın, o cümlədən online televiziyaların bloklanması haqda qərar verməsini xatırladıb:
“Avropa Birliyi müasir və demokratik cəmiyyətdə müxtəlif və müstəqil medianın əhəmiyyətini bir daha xatırladır və bildirir ki, ifadə və medai azadlığı olmadan məlumatlı, fəal vətəndaşlıq mümkün deyil”.
“Biz İnsan Haqları üzrə Avropa Konvensiyasını qəbul edən tərəf kimi Azərbaycanın bu konvensiyanın ifadə və informasiya azadlığı barədə 10-cu maddəsindən irəli gələn öhdəliklərini yerinə yetirəcəyini gözləyirik”, - deyə Kociajancic bildirib.
Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.
Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik 60 min manatın vergidən yayındırıldığını iddia edir.
Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.
Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektivi fəaliyyətlərini sentyabrın 1-dən qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətində olduqlarını bəyan ediblər.