islamazeri.az-Nəsimi Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.Bu barədə Report-a onun vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Orucovun barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay müddətinə artırılıb.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə onun barəsində 30 sutka inzibati həbs cəzası qərarı çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.