Tarix : 2017 Aug 30
Kod 52686

Azərbaycanda mükafatlar “hökumətə xidmətə görə” verilir

Şahid olduğumuz budur ki, bütün təltif olunanlar yalnız özünə xidmət edib
Nur-az.com-Bu qədər qəhrəman məmurumuz varsa…
Ölkə niyə böhranın mühasirəsindədir?
Yəqin ki, məmurların təltif olunmasına görə Azərbaycan dünyada birinci yerdədir. Demək olar ki, hökumət komandasının əksəriyyəti orden-medal daşıyır. Ümumiyyətlə, “Şərəf”, “Şöhrət” ordenləri Azərbaycanda ad günü hədiyyəsinə çevrilib. Hər həftə xəbər tuturuq ki, ölkə başçısı onlarla adama “Tərəqqi” medalı, onlarla adama hərbi rütbələr verib.
Bugünlərdə isə ölkə başçısının sərəncamı ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.
Əslində, bu qədər orden-medala layiq məmurumuz varsa, Azərbaycanda inkişaf həqiqətən də fontan vurmalıdır. Bəli, hərə öz sahəsində qəhrəmanlıq göstəribsə, bunun nəticəsi aydın şəkildə görünməlidi. Amma şahid olduğumuz budur ki, bütün təltif olunanlar yalnız özünə xidmət edib. Yəni, hamısının saysız-hesabsız obyektləri, avtomobilləri, villalları var. Heç bir məmur öz əməlləriylə, xalqa xidmətiylə gündəmə gəlməyib.
Natiq Əmirovun təltif olunması isə bu tragikomediyanın davamıdır. Yuxarıda da qeyd etdiyimiz kimi Natiq Əmirov iqtisadi islahatlar üzrə prezidentin köməkçisidir və bu vəzifəyə ötən il təyin edilib. Görəsən, Natiq Əmirov hansı iqtisadi uğura imza atıb ki? Bizim bildiyimiz budur ki, ötən 1 il ərzində milli valyuta ucuzlaşmağa davam edib, dövlətin xarici borcu artıb, idxaldan asılılığımız çoxalıb, beynəlxalq agentliklərin qiymətləndirmə reytinqində geriyə düşmüşük, büdcəmiz kiçilib, ölkəyə sərmayə qoyuluşu azalıb və.s Yəni, ötən müddət ərzində iqtisadi sahədə öyünəcəyimiz heç bir addım olmayıb. Əksinə, dövlətin milyardları mənasız yarışlara xərclənib, ya da iri məmurların oğurladıqları milyonlar üzə çıxıb.
Demək istəyirik ki, Natiq Əmirovun vətənə xidmətinin nədən ibarət olduğu müəmmalı qalıb. Bəzən düşünürsən ki, Azərbaycan məmurları “sürətli tənəzzülə görə”, “milyonları mənimsəməyə görə” təltif olunurlar.
Həqiqətən də Azərbaycanda bu qədər təltif olunmağa layiq məmur olsaydı, ölkədə korrupsiyanın, yaltaqlığın, saxtakarlığın kökü kəsilərdi. Amma Azərbaycanda sovetdən qalma ənənələr davam edir və bütün mükafatlar “hökumətə xidmətə görə” verilir.
Reallıq budur ki, bu qədər “nümunəvi” məmurun olduğu ölkə böhranın mühasirəsindədir və bütün sahələr iflic vəziyyətdədir. Artıq fəxri adlar ikrah hissi yaradır və özünə hörmət edən adamlar belə mükafatlardan kənarda qalmaq istəyir.Fakr budur ki, bu ordenli-medallı məmurların heç birinin cəmiyyətdə nüfuzu yoxdur. Əksinə, fəxri adlar cəmiyyətdə mənfi reputasiyası olan adamlara məxsusdur. Bəli, bu adamlar hökumətin qəhrəmanlarıdı. Onların fəaliyyətinin xalqa, dövlətə heç bir aidiyyatı yoxdur./azadlıq/


  • Yazılıb
  • da (də) 2017 Aug 30
  • Göndərən مدير سايت Aran News