«İstintaq davam etdiyi müddətdə Mehman Əliyevin tələsik həbs edilməsi və yetərli sübutların olmaması xaricdə Azərbaycanın tənqidinə səbəb olub».
Bir qrup yerli hüquq müdafiəçisinin «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə müraciətində belə yazılır.
Müraciətdə M.Əliyevin həbsdən azad edilməsinə ölkə başçısının yardımçı olması xahiş edilir.
Sənəddə qeyd edilir ki, Vergilər Nazirliyinin «Turan» agentliyi ilə bağlı cinayət araşdırması nəticəsində agentliyin direktoru, Azərbaycanda çağdaş jurnalistikanın inkişafında mühüm xidmətləri olan M.Əliyev həbs olunub:
«Cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» prezidentin sərəncamına uyğun olaraq, istintaq dövründə M.Əliyev azadlıqda qala bilər».
Hüquq müdafiəçiləri dövlət başçısından humanistlik göstərərək, istintaq dövründə M.Əliyevin zaminə buraxılmasına yardımçı olmağı xahiş edirlər.
Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalov imzalayıblar.
M.Əliyev saxlandıqdan sonra Mətbuat Şurası da prezidentə müraciət etmişdi. Həmin müraciətdə prezidentdən xahiş edilirdi ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyini əsirgəməsin.
Avqustun 29-da isə bir qrup jurnalist də M.Əliyevin azadlığa buraxılmasından ötrü ölkə başçısından yardım istəmişdi.
azadliq.org