Meydan tv-MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi yekunlaşır. Məhkəmə istintaqı başa çatıb. Prokuror keçmiş “MTN-çi”lərə cəza da istəyib. Məhkəmə prosesində vəkillərin müdafiə çıxışı mərhələsidir.Avqustun 30-da təqsirləndirilən şəxslərdən Orxan Osmanovun vəkili çıxış edib. Bildirib ki, onun kimdənsə hədə-qorxu ilə pul alınmasında, qanunsuz saxlanmasında heç bir rolu olmayıb:
“Barəsində bəraət hökmü çıxarılmasını istəyirəm”.
Ötən məhkəmə iclasında Akif Əliyevin vəkili Anar Qasımlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdi.
Avqustun 30-da növbə Akif Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyevə çatanda, onlar məhkəmədən çıxışa hazırlaşmaq üçün üç həftə vaxt istəyiblər. Həmçinin Səlim Məmmədovun vəkili Cavid Rzazadə də ona zaman verilməsini xahiş edib.
Amma Bakı Hərbi Məhkəməsinin hakimləri Çovdarovun vəkillərinin üç həftəlik istəyini rədd edib. Vəkillərə bir həftə möhlət verib. Sentyabrın 6-da müdafiəçilər çıxışlarını yekunlaşdırmalı, təqsirləndirilən şəxslərin son söz demək mərhələsinə keçilməlidir.
Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub.
Ümumilikdə həbs edilən “MTN-çi”lərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.
A. Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.
Prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Akif Əliyev və Orxan Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.