Tarix : 2017 Sep 02
Kod 52697

Türkiyədə təhlükəsizlik xidməti Ərdoğana xidmət edəcək

Türkiyə dövlətində cümə günü bu ölkənin təhlükəsizlik təşkilatı ilə bağlı bir sıra qərarlar qəbul olundu. Bu qərarlar hökumətin siyasətlərinə qarşı bir sıra bədbinliklər yaradır. Yeni siyasətlər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın öz hakimiyyətinin təməllərini bərkitmək üçün 16 aprel referendumu və Türkiyədə parlement hökumətindən prezidentlik sisteminə keçməsi əsasında baş tutur. Bir çox təhlilçilərin fikrincə, bu hərəkət Türkiyəni diktatorluq səmtinə yönəldir.
AranNews – Redaksiyamızın Londonda çapdan çıxan “Əl-Ərəb” qəzetinə istinadla verdiyi xəbərə görə, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) baş nazirin nəzarətindən çıxaraq prezidentin tabeliyinə keçəcək və təşkilatın adı “Milli Kəşfiyyat Əlaqələndirmə Şurası” olacaq. 
Bu dəyişiklik rəsmi olaraq həyata keçmək üçün prezidentin son fərmanını gözləyir. Beləliklə, MİT rəhbərliyini Ərdoğan təyin edəcək. Hal-hazırda MİT-in rəhbəri Ərdoğanın etimad göstərdiyi və yaxın adamı sayılan Hakan Fidandır. Prezidentun bu islahatlara yol açan səlahiyyətlərindən biri də budur ki, ölkə kəşfiyyatının rəhbəri yalnız dövlət başçısının sərəncamı əsasında məhkəməyə göstəriş verə bilər.
15 iyul 2016-cı il uğursuz çevriliş cəhdindən sonra Ərdoğan fövqəladə qanunlara uyğun olaraq MİT-i gücləndirməyi bacardı və onun xarici qoluna müstəqillik verdi.
Qərbin diplomatik mərkəzləri Türkiyənin yeni təhlükəsizlik qanunlarına həssasdır. Onlar bu təşkilatın prezidentin tabeliyinə keçməsini qınayırlar. Qərb diplomatlarının fikrincə, Türkiyədə ötən il çevrilişçilərlə əməkdaşlıq etmək ittihamı ilə təhlükəsizlik təşkilatının yüzlərlə əməkdaşı saxlanıldı. Yeni səlahiyyətlər prezidentin gücünü daha da artırır. Türkiyə diplomatları da bununla bağlı belə cavab verir ki, çevrilişə cəhd hadisəsindən sonra istər daxildə, istərsə də xaricdə ölkə və dövlətin qarşılaşdığı problem elə vəziyyət yaratmışdır ki, bu, Ərdoğanın şəxsən özünün təhlükəsizlik təşkilatının fəaliyyət və siyasətlərinə nəzarət etməsini tələb edir.
Bu layihənin tənqidçilərindən biri Ankara məhkəməsinin sədrinə məktub yazaraq bildirib ki, yeni qanuna əsasən, MİT, seçki əməliyyatlarına xələl gətirməsini güman etdiyi, yaxud cinayət etməsində şübhələndiyi deputata qarşı özü istintaq apara bilər.
Yeni qanuna əsasən, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyatı qurumlara ötürəcək. Təhlükəsizlik analtiklərinin fikrincə, bu səlahiyyətlər Türkiyə ilə qonşu olan İraq və Suriyadakı hazırkı durumla bağlıdır. Onların sözlərinə görə, prezidentin təhlükəsizlik təşkilatına rəhbərliyi onun fəaliyyət dairəsi İraqın şimalına və Suriyaya qədər inkişaf etmiş PKK ilə mübarizə sənədləri ilə daha yaxından tanış olduğuna görədir. Bu analtiklər belə düşünür ki, qərb təhlükəsizlik təşkilatları öz raportlarında göstəriblər ki, son illərdə Türkiyə ilə İŞİD və Ən-Nüsrə Cəbhəsi arasında əlaqələr mövcuddur. Ona görə də Ərdoğan ölkəsinin bu terrorçu qruplarla əlaqələrini kəsmək məqsədilə özü birbaşa bu işə girişmişdir və təhlükəsizlik orqanlarına nəzarəti öhdəsinə almışdır.
Habelə, Türkiyənin media qaynaqları bildirirlər ki, İraq və Suriya ilə müəyyən anlaşmalara səbəb olmuş planlara görə, Ankaraya bağlı silahlı qrupların hərəkəti nəzarətə alınmalıdır ki, bu qruplar İran, Rusiya və ABŞ üçün maraqlı olan sahələrə daxil olmasınlar.
Halbuki, hüquq müdafiəçiləri belə inanır ki, yeni qanun və islahatlar Ərdoğanın siyasi ixtilafları, çoxpartiyalılığı, hüquq, siyasət və media təşkilatlarını öz nəzarətində saxlamağa xidmət edir.
“Əl-Ərəb” qəzetinin adını hallandırmadığı məlumatlı şəxslərin dediyinə görə, Ədalət və İnkişaf Partiyası tərəfindən qəbul edilmiş yeni qərarlar sübut edir ki, Ərdoğan və onun iqtidarda olan partiyası ölkənin siyasi quruluşunun zəif olmasını hiss edirlər. Hətta, siyasi quruluşun zəifliyi daxili və xarici tənqidçilər tərəfindən də qınaq obyektinə çevrilib. Onların fikrincə, Türkiyənin xarici siyasətində bir növ siyasi xaos yaranıb. Belə ki, Türkiyənin ABŞ, Rusiya və NATO ilə münasibətləri gərgin durumdadır. Habelə, Ankaranın Yaxın Şərq qonşuları ilə münasibətlərində də şübhələr yaranıb.
Bu cinahların fikrincə, Ərdoğan dövləti tərəfindən təhlükəsizlik, hərbi və vətəndaş təşkilatları daxilində təmizləmə işləri aparılsa da, habelə, konstitusiya ilə bağlı referendum dövrü arxada qalsa da Ərdoğan yenə də özünə qarşı çevriliş olacağından qorxur. Ona görə də həmin təşkilatlara nəzarət və rəhbərliyi öz əlinə keçirir, bununla da qarşı tərəfə xəbərdarlıq edir.
Müxalifətin fikrincə isə ölkəyə hakim komanda dövlət orqanlarından müxalifət səsini kəsmək istəyir və bu səsi kəsmək üçün onların paralel təşkilatlardan asılı olması bəhanəsini irəli sürür. Türkiyə dövləti belə düşünür ki paralel təşkilatlar Fətullah Gülən tərəfindən idarə olunur. Müxalifət isə bu iddiaların əsassız olduğunu deyir və dövlətin bunu isbat etmək üçün heç bir tutarlı sənədinin olmadığını bildirir. Onlar qorxur ki, hakim partiyanın təkbaşına siyasətləri Türkiyəni hər gün Avropa Birliyindən uzaqlaşdırsın.
Türk romançısı Əlif Şəfəq, Ərdoğanı ölkəni qaranlıq və sonu görünməyən tunellərə sürükləməkdə ittiham etmişdir. Onun fikrincə, Ərdoğanın hökumətçilikdə hərəkətləri zaman keçdikcə daha çox mütləq monarxiyaya tərəf gedir.
Ötən il baş verən çevriliş cəhdindən sonra Türkiyə dövləti 150 min nəfər öz vəzifəsindən uzaqlaşdırmışdır, 50 min nəfər öz məhkəməsini gözləyir. Onların arasında hərbçi, polis və dövlət işçiləri də vardır.
Türkiyə parlamenti ötən ilin iyun ayında ölkədə üç aylıq fövqəladə vəziyyət elan etdi. Lakin sonradan bu vəziyyətin müddəti uzadıldı. Çevrilişçilərlə mübarizə, çevrilişə görə yaranan vəziyyətin aradan qaldırılması fövqəladə vəziyyətin müddətinin uzadılmasının əsas səbəbləri kimi göstərilir.
Mənbə: İran diplomatiyası

  • Yazılıb
  • da (də) 2017 Sep 02
  • Göndərən مدير سايت Aran News