Təbrizin imam cüməsi Azərbaycan Respublikasında müsəlmanların qeyri-münasib vəziyyətindən gilylənərək deyib: “Bizim sözümüzü dövlət məsullarına çatdırın. Dövlət başçılarından bizim gözləntimiz budur ki, Azərbaycan müsəlmanlarının rəhbərləri ilə mülayim və mehriban rəftar etsinlər. Eşitmişik ki, Azərbaycanda İslam rəhbərlərinə qarşı təzyiqlər var.”
AranNews – Görüşdə Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Ali-Haşim iki ölkənin münasibətlərini gücləndirməkdə medianın roluna işarə edərək deyib: “Düşmənin Azərbaycan və İran arasında ayrılıq salmasına təlaş etmələrinə baxmayaraq iki qonşu ölkənin münasibətləri daim öz yerində qalmaqdadır. Ayıq-sayıq olmaq lazımdır ki, düşmənin məkirli planları bu iki ölkənin yaxşı münasibətlərinə təsir qoya bilməsin.”
Höccətül-islam vəl-müslimin Ali-Haşim əlavə edib: “Televiziya, xəbər saytları, qəzet kimi milli media əlaqələrin möhkəmlənməsində böyük rola malikdir və iki ölkəni bir-birinə yaxınlaşdıra bilər. Bu KİV-in beynəlxalq roludur.”
Sionist rejimin Azərbaycanda artmaqda olan nüfuzuna toxunan imam cümə deyib: “Bizim sionist rejimi ilə bağlı Azərbaycana görə xüsusi narahatlığımız vardır. Deyilənlərə görə, Azərbaycan Respublikası işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq istəyir. Halbuki, dünya müsəlmanları və biz Azərbaycanın bu hərəkəti ilə müxalifik. Bizim bu xüsusda sizdən gözləntimiz vardır. Sionist rejim İran və Azərbaycan ölkələrini bir-birindən uzaqlaşdırmağa çalışır. Media düşmənin bu istəyi qarşısında fəal olmalıdır.”
Görüşün davamında Təbrizin imam cüməsi Azərbaycan Respublikasının mediasından da gileylənərək deyib: “Azərbaycanın media nümayəndələrindən də gileyim var. Siz öz proqramlarınızda İranofobiyadan söz açırsınız. Biz sizin bu işinizdən narahatıq. Hal-hazırda iki ölkənin dövlətləri arasında yaxşı münasibtlər vardır və siz bu münasibətləri gücləndirməyə kömək etməlisiniz. Azərbaycanın KİV-ndə İranofobiya yaratmamalısınız.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycan Respublikasında müsəlmanların qeyri-münasib durumuna da toxunaraq deyib: “Bizim sözümüzü dövlət məsullarına çatdırın. Dövlət başçılarından bizim gözləntimiz budur ki, Azərbaycan müsəlmanlarının rəhbərləri ilə mülayim və mehriban rəftər etsinlər. Eşitmişik ki, Azərbaycanda İslam rəhbərlərinə qarşı təzyiqlər var.”
Höccətül-islam vəl-müslimin Ali-Haşim Azərbaycan Respublikasına səfər xatirələrindən də söz açaraq deyib: “Azərbaycanın İrandakı indiki səfiri məni Azərbaycana səfərə dəvət edib. Mən 26 il bundan öncə Bakıda səfərdə olmuşam. Səfərdə olduğum müddətdə Azərbaycan xalqından mehribanlıq və dostluq görmüşəm. Bir sıra bölgələrə səfər etdim. Nardaran da səfər etdiyim yerlərdən olub.”
Görüşün sonunda höccətül-islam vəl-müslimin Ali-Haşim Təbrizə səfər etdikləri üçün media əməkdaşlarına öz minnətdarlığını bildirib. O, əlavə edib: “Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev Təbrizin mərhum imam cüməsi Ayətullah Mələkuti ilə elə burada görüşmüşdü. Allah onların hər ikisinə rəhmət etsin. Bilin ki, bizim sizdən heç bir narahatlığımız yoxdur. Bizim narahatlığımız yalnız düşmənlərə görədir. Bu məsələyə həssas yanaşmalıyıq.”
Sonda Azərbaycan Respublikasının media əməkdaşları Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi həzrət höccətül-islam vəl-müslimin Ali-Haşimlə xatirə şəkli çəkdiriblər.