AranNews – Redaksiyamızın “İRNA”-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının dövlət və özəl media əməkdaşlarından ibarət bir qrup Təbrizin fərmandarı Rəhim Şöhrətifərlə görüşüb. Görüşdə fərmandar iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaqda medianın rolunu mühüm və təyinedici adlandıraraq deyib: “Biz, Bakı mediası fəallarının Təbrizə gəlişinə çox sevinirik. Bilirik ki, öz vətəninizə qayıtdıqda dərin və peşəkar baxışınızla Təbrizi və İran Azərbaycanını ölkənizin xalqına tanıtmaq üçün təsirli və faydalı addımlar ata bilərsiniz.”Rəhim Şöhrətifər qeyd edib ki, burada olduğunuz vaxtda Təbriz və Şərqi Azərbaycanda gördüklərinizi, gözəllikləri və həqiqətləri öz medianızda işıqlandırın ki, bu vasitə ilə Arazın iki sahilinin xalqları arasındakı dostluq və səmimiyyətlər möhkəmlənsin.”
Təbrizin fərmandarı Təbriz və Bakının tarixi əsərlərini və Təbrizdə yaşamış böyük şiə alimlərini tanıtmağı, Təbrizin universitet və tibb mərkəzlərini, “Örtülü bazarını” və Təbrizin tarixini tanıtmağı Azərbaycan Respublikasının media camiəsindən gözləntisi kimi qeyd edib.
R. Şöhrətifər Təbriz və Bakının din, dil, mədəniyyət və ictimaiyyət ortaqlıqlarına toxunaraq deyib: “Tarixi sənədlərə görə, bu iki şəhər eyni mədəniyyət və tarixə malikdir. Hətta, Təbrizdən qalxmış İranın Məşrutə İnqilabının əsərləri Təbriz muzeyində olduğu kimi Azərbaycan Respublikasının muzeylərində də mövcuddur. Bu məsələ iki məntəqənin dərin mədəni və tarixi bağlılığını göstərir.”
Fərmandar Təbrizin 2018-ci ildə “İslam dünyasının turizm paytaxtı” elan olunduğunu xatırladaraq bunu çox mühüm və faydalı bir hadisə adlandırıb, bu istiqamətdə qonşu ölkələrlər, o cümlədən Azərbaycan Respublikası ilə hər növ əməkdaşlığa hazır olduqlarını bildirib. O deyib: “Bu seçim Təbrizin aydın meyarları, dəyərli tarixi və mədəni əhəmiyyətinə görə baş tutmuşdur.”
O əlavə edib: “2019-cu ildə Bakının “İslam dünyasının turizm paytaxtı” adlanacağı da bizim üçün çox sevindiricidir. Təbriz, İslam ölkələrindən gələn turistləri qarşılamaqda əldə etdiyi təcrübəni Bakının ixtiyarında qoya bilər.”
Fərmandar Təbrizi İranın başı və qəlbi adlandıraraq deyib: “Tehran və Bakı arasında iqtisadi və siyasi əməkdaşlıqların genişlənməsi İran və Azərbaycan ölkə başçılarının müdrik və mühüm qərarlarından sayılır. Hamımız bu istiqamətdə addım atmalıyıq, müxtəlif sahədə, o cümlədən mədəniyyət və media sahəsində əməkdaşlıqlarımızı gücləndirməliyik.”
R. Şöhrətifər, İran İslam Respublikasının Azərbaycan vətəndaşlırı üçün vizanı ləğv etməsini ikitərəfli əlaqələrin genişlənməsində əməli və faydalı addım kimi dəyərləndirib, Azərbaycan dövlətinin də belə bir addım ataraq İran vətəndaşları üçün vizanı ləğv etməsini istəyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının dövlət və özəl media əməkdaşlarından ibarət 13 nəfərlik qrup Təbrizin tarixi əsərlərini görmək və Təbriz-Bakı münasibətlərini gücləndirmək məqsədilə onları tanıtmaq üçün Təbrizə səfər etmişdir və 3 gün bu tarixi şəhərdə qalacaq.