Tarix : 2017 Sep 03
Kod 52709

Kişiyə iş tapılmayan "bəxtəvər" ölkə və sovet höküməti nümunəsi

Təsəvvür edin cavan-cavan oğlanlar işsiz-gücsüz bekara gəzirlər
Nur-az.com:Bir ölkədə kişiyə işləməyə iş tapılmırsa vay o vətənin səngərinin halına. Halbuki bu vətəndə bir vaxtlar vətənpərvərlik mahnıları, nağılları, qoşmaları, bayatıları dillər əzbəri olardı. Vətənpərvər şairlərin yerinə yaltaq yazarlar tutandan bəri vətən də ağlar günə qalıb.
Vaxt var idi – yadıma gəlir – "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" misrası və buna bənzər misralar dildən-dilə gəzirdi. Amma nədənsə bu misraların yerinə artıq bayağı, yaltaq şeirlər alıb. Əlbəttə, məlum misradakı "vətəndən" məqsəd çox böyük ehtimalla xalq, dövlətdir. Çünki vətən adicə daşdan, divardan, dağdan-dərədən ibarətdir. Daş-divar dilə gəlib kiməsə "oğul" deyəsi deyil ki, oğul da sevincək halda Allahdan onu vətən qayasında mamıra döndərməyi dua eləsin. Təəssüf ki, hazırkı vəziyyətdə nə dövlət vətəndaşa "oğul" deyə bilir, nə də ki, vətəndaş vətən səngərində əsgər olmağa razılıq vermir.
Qayıdaq iş mövzusuna. Biabırçılıqdır həqiqətən. Təsəvvür edin cavan-cavan oğlanlar işsiz-gücsüz bekara gəzirlər. Təəccüblüsü budur ki, yaşlı nəsil iş üçün müraciət edərkən yaşının yuxarı olmasını bəhanə edirlər, amma cavanlar da işsiz-gücsüzdür. Əlbəttə, hamısının işsiz-gücsüz olduğunu demək olmaz. Bəziləri az maaşla ağır iş rejimində işləməyə məcbur olublar. Bizim ölkə Almaniya, Danimarka kimi azad sözə qiymət verən ölkələrdən də deyil ki, 8 mart "qəhrəmanı" kimi bu gənclər yığılıb az maaşla ağır iş rejimində işləmələrinə etiraz etsinlər. Sonra da BMT bu qəhrəmanlığı tarix yazsın. Yoxsa olan-qalan maaşlarından da olarlar. 
İşləməyən insanlar da təbii ki, boş-bekar sayılmazlar. Belə ki, onlar səhər evdən çıxıb işə gedib axşam işdən qayıda bilməsələr də iş axtarmağa gedib kor-peşman qayıdırlar. 
Biz görmüşük bineyi-qədimdən kişilər iş dalısınca gedər, işləyər və evə çörək gətirərlər. Xanımlar da ev işləriylə məşğul olarlar. Amma indi - qəribə məmləkəti kim cadu edib, nə qəramət çökübsə - müdiri və satıcısı eyni olmayan dükanlarda satıcılar qızlardan ibarətdir. Doğrudur, deyirlər ki, bu ondan ötrüdür ki, bu qızlar vasitəsiylə "qaqaşlar" dükanlara cəlb edilsinlər. Amma işin əsli belə deyil. Bəlkə də bunun arxasında bir siyasət gizlənməkdədir. Bəlkə də məqsəd kişiləri təmiz gözdən salmaq, dəmir kimi evdə qalıb pas atmalarına göz yummaq, qadınları "qəhrəman" elan etməkdir. Axı, istər-istəməz bütün etirazların önündə kişilər gedir. 
Biz sovet höküməti görmüş adamlarıq. Sovet vaxtı əsgərlikdən qayıdan vətəndaşları məcburi olaraq aparıb bir iş yeri tapıb onalrı işlə təmin edirdilər. Gör "köpək oğlunun" soveti Leninin şalbanlarını xalqlara necə sevdirmişdisə, şalban bir yana dursun vətəndaş zibilyığan işləməyi vətənə xidmət hesab edirdi. İndi gör vətənin zibilini yığan vətəndaş bu vətənin daşını-torpağını necə qoruyacaq. İndi isə nəinki zibil yığmaq əsgərliyə gedib xidmət etmək zibil daşımaqdan daha çox biabırçılıq hesab edilir.
Halbuki sovet hökümətinin çox gözəl siyasəti var idi. İnsanlara özünü vətən olaraq sevdirə bilmişdi. Uşaq Lenini öz babasından yaxşı tanıyırdı. Vətəndaşa başa salırdı ki, əgər məktəblisənsə məktəbdə, parta arxasında oturmalısan, məktəbli deyilsənsə tay-tuşlarına qoşulub səngərə getməlisən, ya da gedib bir zavodda, fabrikdə işləməlisən. Çünki öz təhsilinə arxayın idi. Sovet höküməti bilirdi ki, onun vətəndaşı ya oxuyub alim olub vətənə xidmətə edəcək, ya da ən pis halda fiziki işçi kimi çalışacaq. Bir vətəndaş bundan artıq nə etməliydi? İndi isə nə məktəblinin doğru-düzgün məktəbi, partası, kitabı, müəllimi var, nə də alababat iş yeri var ki, gedib işləsin. Belə olan halda əsgərlik yaşı çatdanda deyəcək cəhənnəm olsun hökümət də, səngər də, sərhəd də. Mən gedib canımı orada çürüdəcəyəm, qudurğan məmurlar və onların - Hafiz Hacıyev demişkən - küçükləri Bakıda meydan sulayacaqlar. 
İş yerlərinə gəldiksə isə, bəzi vaxtlar çıxıb efirdə yalandan neçə min iş yerlərinin açılmasından dəm vururlar. Amma bu iş yerləri formal olaraq mövcuddur. Dəfələrlə cavanlar qapısına "işçi axtarılır" elanı vurulan dükanlara müraciət ediblər, amma "artıq işçi tapmışıq" cavabını alıblar. Təəssüf ki, o elanı oradan "çıxartmaq" yaddan çıxıb.
İş dedim, unutmadan onu da deyim ki, düzdür, ölkədə iş yerlərinin heç olmadığını demək olmaz. Amma hər məmura aid olan iş yerlərində ancaq öz qohum-əqrəbası çalışır. Təsadüfi deyildir ki, tez-tez filan məmur filan məmurun oğlunu işə götürdü, filan məmur filan məmurun qardaşına iş verdi kimi xəbərlər çox eşidirik. Bu xəbərlər məmurun öz yan-yörəsinə iş verəndən sonra başlayır ha, çünki Azərbaycan məmuru dəli deyil ki, öz ətrafı qala-qala başqalarının balalarını işə götürsün. 
Məhz bu səbəbdəndir ki, yaşlı nəsil yenə də sovet hökümətindən ötrü darıxır. Amma xalqa təbliğ və hakim edilən saxta vətənpərvərlik insanları "kaş yenə sovet olaydıq" deməyə qoymur.


  • Yazılıb
  • da (də) 2017 Sep 03
  • Göndərən مدير سايت Aran News