Tarix : 2017 Sep 03
Kod 52711

Lerikdə etiraz: İcra hakimiyyətinə 4 min manat verdik

Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Onlar problemlərini ölkə başçısına çatdırmaq üçün müraciət ünvanlayıblar.
Kənd sakinləri - Surət Əliyev, Ağababa Azadov, Gülbaba Əliyev, Cabir Rüstəmov, İbrət Azadov və digərləri “Toplum Tv”-yə deyiblər ki, hər iki kənd rayonda fədakar kənd kimi tanınır. Onların sözlərinə görə, Şivlə-Biləvər kəndləri həm İkinci Cahan Savaşında, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. 

Bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. 

Şivlə və Biləvər yanaşı yerləşən kəndilərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. 

Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər.

Prezidentə şikayət edən kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar. 

Bu dəfə isə İcra Hakimiyyəti işə müdaxilə edib. 

"İcra başçısının birinci müavini Cəlil Baxşıyev guya kömək məqsədilə yolun çəkilişi üçün topladığımız dörd min manat pulu bizdən aldı ki, yolu özləri çəkəcək. Dedi ki, başçı tapşırıb, narahat olmayın, həll edərik. Pul bir ay rayon İcra Hakimiyyətində qaldı. Vəziyyətin gərginləşdiyini, bizim şikayət edəcəyimizi görüb pulu geri qaytardılar. Bundan sonra isə, ümumiyyətlə, yolu təmir etməkdən imtina etdilər" – şikayətçilər deyir.

Kəndlilər deyir ki, indi pul əllərində qalıb, texnika tapa bilmirlər: 

“Həmişə öz şəxsi vəsitimiz hesabına təmir etdiyimiz kimi, bu dəfə də özümüz etmək istəyirik. Amma rayon rəhbərliyi bizə texnika vermir, "rayonda texnika yoxdur" deyirlər. Səsimizə səs verən də yoxdur".

Onlar deyirlər ki, 3 km yolu təmir etmək üçün dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin icra başçısının birinci müavini və rayonda qeyri-leqal olsa da, əsas söz sahibi kimi tanınan Cəlil Baxşıyevdən rədd cavabı alıblar. Bu dəfə şəxsən icra başçısı Rövşən Bağırovla da görüşüblər, problemi onun da diqqətinə çatdırıblar, amma tələblərinə etinasız yanaşılıb. 

Sakinlər deyirlər ki, ölkə başçısına və birinci vitse-prezidentə ünvanladıqları müraciətdən sonra da yerli hakimiyyət onların tələblərini yerinə yetirməzsə, hətta Lerik rayonundan ayrılıb Yardımlı rayonuna birləşmək üçün aidiyyəti qurumlara üz tutacaqlar.

Habil Məlikov
Habil Məlikov.

Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın  təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov isə sakinlərini iddiasını qəbul etməyib. Belə ki, o, Toplum.Tv-yə açıqlamasında rayon rəhbərliyinin sakinlərdən pul aldıqlarından xəbərsiz olduğunu, buna inanmadığını, sakinlərin qaldırdığı problemin isə yaxın zamanlarda həll ediləcəyinə ümid etdiyini deyib.


  • Yazılıb
  • da (də) 2017 Sep 03
  • Göndərən مدير سايت Aran News