Bakı Beynəlxalq Avtovağzalına yaxın yerləşən “Motodrom” massivinin sakinləri 7 oktyabrda Bakı-Sumqayıt yolunu bağlayıblar. Etirazçılar deyirlər ki, metronun "Avtovağzal" stansiyası işə başlayandan sonra evləri qəzalı vəziyyətə düşüb. Binəqədi rayon İcra Hakimiyyəti onları müvəqqəti kirayə evlərə yerləşdirib, amma sonradan evin hər kvadrat metrinə təklif olunan 500 manat narazılıq yaradıb.
Meydan tv-"500 manatı götür gir marketə, iki çantanı doldur çıx. O qiymətə ev var?! İndi bizə yol göstərirlər. Yuxarıdakılar pulu alıb qoyub ciblərinə bizə də 500 manatdan verirlər ki, qoyun kimi millətik. Amma qoyun deyilik".Massivdə yerləşən 65 ev köçürülmə planına düşüb. Şikayətçilər deyir, 90-cı ilin əvvəllərindən burada yaşayırlar və evlərinin tikintisinə bələdiyyə icazə verib. Sakinlər onlara təklif olunan kompensasiya ilə köçmək istəmirlər. Onlar evlərinin hər kvadrat metrinin 1500 manatdan hesablanmasını tələb edirlər.
Əraziyə gələn Binəqədi rayon icra başçısının birinci müavini İlqar Süleymanov 500 manatın ilkin hesablama olduğunu və sakinlərlə razılaşdırıldıqdan sonra köçürmənin aparılacağını bildirir.