Tarix : 2017 Sep 04
Kod 52714

Atası Mehman Əliyevin həbsindən xəbərsizdir

“Mən buna hazır idim. Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nədisə, yubanırdı. Amma mən onun həbsini gözləyirdim. Özümü də hazırlamışdım ki, o qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız, igidlərimiz var ki, onların ailəsindən, o analardan, gəlinlərdən biri də mən. Mən onlardan artıq deyiləm ki”.
Meydan tv-Bu sözləri Azadlıq Radiosuna müsahibəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva deyib. 

“Xalq o xalq deyil”
Mehman Əliyev vergidən yayınma ilə ittiham olunur. Həyat yoldaşı bunu cəfəngiyyat adlandırır:
“Cəfəngiyyatdır, quramadır, özlərinin də inanmadığı bu iş biabırçılıqdır. Bununla özlərini biabır edirlər, Azərbaycanın adına ləkə gətirirlər. Mehmanı bütün dünya tanıyır. Mehmanın idealist olmasını, millətinin, vətəninin, həqiqətin uğrunda, halallıq uğrunda vuruşduğunu hər bir kəs bilir. Mehmana bu ləkəni yaxırlar. Nə vergilər? Nə oyundur, bu? Siz əvvəl bir özünüzə baxın, sonra Mehman haqqında danışın. Mehmanı xalq tanımır? Mehman mükəmməl bir şəxsiyyətdir. Çox adamların idealıdır. O mənim həyat yoldaşım, başımın tacıdır. Mənim vüqarımdır. Mükəmməl bir oğuldur, mükəmməl atadır, mükəmməl şəxsiyyətdir, mükəmməl dostdur. Kimi aldadırlar? Xalq o xalq deyil. Xalq sadəcə səsini çıxara bilmir, səsini çıxaranlar həbsxanadadırlar. Səsini çıxaran olanda analar, gəlinlər, övladlar ağlayır. Bunun bir axırı olacaq?!.. Mehman vergidən yayınıb? Mehman kirayədə yaşayır. Mehmanın bu cəfəngiyyatı uyduranlar kimi bəlkə villaları var, zavodları-fabrikləri, nələri-nələri var? Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar? Kirayə yaşayır ona görə? 1990-cı ilin maşınını sürür ona görə? Mən hər sübh namazında «Quran»ı oxuyuram. Özü də Nəriman Qasımoğlunun tərcümə etdiyi «Quran»ı oxuyuram, demək olar, əzbər bilirəm. «Bəqərə» surəsində deyir ki, gözlərini kor, qulaqlarını kar, ürəklərini daş etmişəm, vaxt verirəm, günahları daha da artsın, o dünyada əməllərinə görə cavab verəcəklər. İnsan özü ilə nə aparır? «Allah rəhmət etsin», ya da «Allah lənət etsin»”. 

“Mehmanın atasına yalan danışıram”
Z.Əliyeva deyir ki, indi qızı ona dəstək durur:
“Demək olar, qızım da mənimlə eyni xasiyyətdədir. Mehmanın verdiyi, mənim verdiyim tərbiyəni götürüb. Mükəmməl şəkildə qarşıladı. Düzdür, ağladı, amma necə deyim, o, mənə dəstək durur, mən ona, o, mənə ürək-dirək verir, mən də ona”. 

Həyat yoldaşı deyir ki, atası Mehman bəyin həbsindən xəbərsizdir:
“Məni bircə darıxdıran odur ki, hələlik Mehmanın atasına yalan danışıram. Onun 88 yaşı var, beş əməliyyat keçirib. Mehman bəlkə də onu yenidən dünyaya gətirdi, onun həkimi oldu. İndi fikirləşin, Allah bunu götürər? 88 yaşında, beş dəfə əməliyyat keçirən bir kişi oğlunun həbsinə necə dözsün? Hələlik aldadıram. Allah deyir ki, yalanla kiməsə kömək edirsənsə, qəbuldur. İndi Mehman bizə yazır ki, ona nələr lazımdır, nə alaq. Biz də onları aldıqca, stolun üstünə qoyuruq. Atası da görür ki, bu nədir. Mən də yavaş-yavaş deyirəm nələrisə. Əvvəlcə dedim ki, Mehman xaricdədir, indi deyirəm ki, «ata, Mehman bura gələndə saxlaya bilərlər». Deyirəm ki, «sən bilirdin oğlun haqq uğrunda vuruşur, bilirdik ki, axırı belə olacaq»”.

Z.Əliyeva deyir ki, atası xəbər tutmasın deyə hətta qohumlara onlara gəlməməyi, zəng etməməyi tapşırıb:
“Mehmanı həddən çox adam sevir. Buzovnada adam qalmayıb bizə zəng vurmasın, dindarından, evdar qadınından tutmuş ziyalısına kimi. Hamı çox narahatdır. Hamı da bir sözü deyir: «Pərvərdigara, belə bir insana da əl qaldırmaq olar?» Onun həbsini Mehmana «əl qaldırmaq» kimi başa düşürlər. Hamısı da Mehmanın onlara etdiyi yaxşılıqlardan danışırlar, inanın danışdıqlarından xəbərim belə olmayıb. O, etdiyini dilinə gətirməzdi. Mehman ayrı Mehmandır. Hər bir qəlbdə yeri olan insandır. Onunla fəxr edirik. Dedikləri cəfəngiyyatdır, heç kim buna inanmır, inanmayacaq da. Haqq qalib gələcək. Buna görə də başı uca gəzirik. Mehmanın həbsdən sonra hörməti daha da artdı, tanımayanlar tanıdı. Ona görə əzilmirik, mübarizik, qüvvətliyik, güclüyük. Özümüzdən zəiflərdən, insanları həbsxanaya salanlardan, ciblərə narkotik atanlardan ucadayıq. Mehmana bircə onu deyərdim ki... Amma nə deyim? Səsimi eşitməyəcək ki. Yenə də möhkəm olsun. Bir dənə qorxuram səhhətində problem olsun, buna görə sıxılıram”.

“İtimizin halı məni daha çox narahat edir”
 
Həyat yoldaşı Mehman Əliyevin səhhətindən narahatdır:
“O, özünü ancaq idmana getməklə saxlaya bilirdi. Onurğa sütununda, kürəyində problemlər var, mədəsində problem var. Bir dənə buna görə narahatam. Yeməyə görə narahat deyiləm, yemək sevən deyil. Sizə bir şey danışım. Bizim bir itimiz var, adı Laykadır. Ona daha çox yazığım gəlir. Mehmanın maşınının səsini lap uzaqdan tanıyırdı. Dərhal bilirdi ki, gələn Mehmandır. İndi bütün günü yol gözləyir. Kim gəlsə görəcək ki, qapının küncündə oturub gözləyir. Onun halı mənə daha çox əziyyət verir”.
Mehman Əliyevin gələn ay 60 yaşı tamam olur. Həyat yoldaşı da ümidlidir ki, o, doğum gününü ailəsində qeyd edəcək: 
“Çox adam deyir ki, prezidentin bundan xəbəri yoxdur. Hətta adlar, ünvanlar deyilir ki, kimin sifarişidir. Mən də, necə deyim, ümid etmək istərdim, inanmaq istərdim ki, prezidentin bundan xəbəri yoxdur. Çünki məhz prezidentin imicinə xələl gətirən bir addımdır, bu. İnşallah, təkcə Mehman yox, Mehman kimi haqq-ədalət uğrunda tutulan oğulların hamısı azadlığa buraxılar. Mehmanın 60 yaşını həbsxanada keçirməsi günahdır. Orda ad günü keçirməyəcək onsuz da. Oturub kitablarını oxuyacaq. Amma çox istərdik ki, 60 yaşında öz evimizdə olsun, balasının yanında olsun”.
“Heydər Əliyevin ona çox böyük hörməti var idi”
Z.Əliyeva Mehman Əliyevin mərhum prezident Heydər Əliyevi suda batmaqdan qurtarması ilə bağlı yazılan hekayələrə də münasibət bildirib: 
“Vaxtında bunlar yazıldı, deyildi. Amma bunu yazanlar Mehmana sevgidən bunu xatırlayırdılar, bir daha onların yadına salırdılar. Onları bunda qınamaq olmaz. Mehmanı sevənlər yazıblar, pisliyinə yazmayıblar, olanı danışırlar. Bəlkə kiminsə yadından çıxıb?.. Heydər Əliyev də Heydər Əliyev idi. O, iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər, fikirləşsinlər... O yazılanları dəstəkləyirəmmi? Hər halda, Mehmana istəkdən, bu məqam da nəzərə alınsın deyə, yazıblar”. 
  • Yazılıb
  • da (də) 2017 Sep 04
  • Göndərən مدير سايت Aran News