Azadlıq Radiosu Ermənistan xidmətinin yazdığına görə, açılış mərasimində Ermənistan prezidenti Serzh Sarkisian da iştirak edib.Mənbənin yazdığına görə 115 kilometrlik yolun tikintisinə 2011-ci ildən başlanıbmış və yol 36 milyon dollar başa gəlib.
Mənbə bildirir ki, bunun 56 faizini hökumət, qalanını isə “Ayastan” ümumerməni fondu 2013-2014-cü illərdə çanlı yayımlanan illik telemarafonla toplayıb.
Bu yol Ermənistanın Vardenis rayonu ilə hazırda erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonunu və Dağlıq Qarabağın şimalını birləşdirir.
Ermənistanı Dağlıq Qarabağla birləşdirən ikinci yol da hazırda erməni işğalında olan Azərbaycanın Laçın rayonundan keçir.
Qeyd edək ki, bundan bir gün əvvəl-avqustun 31-i Azərbaycanın Qubadlı rayonununun Ermənistan silahlı qüvvələri tərəfindən işğal etməsinin 24-cü ili tamam olub.
Rayonun ərazisi 800 kvadratkilometrdən çoxdur.
Bir şəhər və 93 kənd olmaqla, 94 yaşayış məntəqəsini özündə birləşdirib. İşğal ərəfəsində əhalisi 30 min nəfərə yaxın olub.
7 minə yaxın yaşayış evi, mindən çox kənd təsərrüfatı, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət obyekti işğal altında qalıb.
Qubadlı rayonu Qarabağ savaşında 240-a yaxın itki verib. Qubadlıdan başqa, Dağlıq Qarabağ və ona bitişik daha 6 rayon işğal edilib.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.
Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib. Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.