AİP-in baş ofisində Hacı Mövsüm Səmədovun doğum gününün qeyd edilməsi və AİP liderinə ünvanlanan təbrik barədə partiyanın Mətbuat Xidmətindən İslaminSesi.info -ya daxil olan məlumatda deyilir:
Nur-az.com:Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda ziyalı ailəsində anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib. Vətən qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib. M. Səmədov həkimlik peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də Ali ruhani təhsili alıb. 1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlamışdır. 1993-cü ildə Mövsüm Səmədov Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Hacı Mövsüm Səmədov əvvəlcə AİP Quba Rayon Komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək partiyaya rəhbərlik etməyə başlayıb. Doktor Hacı Mövsüm Səmədov bu gün islamçıların lideri və AİP sədri kimi sevilir, onun bütün fikir və düşüncələri böyük rəğbətlə qarşılanır.
Doğum günü münasibətilə qurumun mərkəzi ofisində düzənlənən tədbirdə AİP sədr əvəzi Hacı İlham Əliyev partiya funksionerləri, partiyanın bütün üzvləri, ümumən islamçılar və hacını sevənlər adından Doktor Mövsüm Səmədovu doğum günü münasibətilə ürək sözlərini ifadə edərək təbrik ünvanladı. Təbrikdə deyilir:
“Əziz qardaşımız, çox hörmət bəslədiyimiz Hacı Mövsüm! Sizi öncə Allahın bəşəriyyətə rəhmət və mərhəmət, sevgi və şəfqət dolu münasibətini əks və simvolizə edən müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Doğum gününüz, Allahın Sizin kimi bir təqvalı insanın cəmiyyətimizə bəxş etdiyi bir tarix də həmçinin bizim üçün olduqca dəyərlidir. İctimai həyata yetkin qədəm qoyduğunuz zamandan həmişə Allahın məhzərində və hüzurunda olduğunuzu qəlbən bilən, hər hansı məsiyyət və günahlardan uzaq olan birisisiniz. İstər dini və istərsə də siyasi fəaliyyətinizdə kimliyindən asılı olmayaraq insanların qayəsinin təmizlənməsi uğrunda faydalı, cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi üçün xeyirli fikir, düşünsə sahibi, iradəli, qorxmaz addımların müəllifi olmusunuz. Sizi cəmiyyətimiz əqidəsindən heç zaman dönməyən, xalqını, Vətənini, torpağını və dinini canından əziz tutan insan, lider kimi tanıyır, qəbul edir. Bu gün Azərbaycan xalqının Sizin kimi liderlərə ehtiyacı hər zamankından böyükdür. Dünyaya haqqı batildən ayıran təfəkkür, zülmün qarşısında baş əyməyən şəxsiyyətlər və zalımların zərərli vərdişlərini həmişə tənqid etmək xüsusiyyətinə malik olan təmkinli, tədbirli cəsarət sahibləri lazımdır. Malik olduğunuz bu xüsusiyyətlərlə fəxr etməyə dəyər.
Hörmətli qardaşımız! 52 yaşınızın məhbəsdə qarşılanmasını biz malik olduğunuz yüksək insani dəyərlərin daşıyıcısı olmağınıza rəğmən cəmiyyətimizə, onun sağlam mənəvi gələcəyinə zərər verə və zərbə vura biləcək məqam kimi qiymətləndiririk. Arzu edirik ki, Sizə və deməli cəmiyyətimizə qarşı atılan bu zərərli addımlar geri atılmalı və cəmiyyətə, ailənizə qovuşmaq istəyimizə Allah-təala Özü kömək olsun.
Əziz Hacı Mövsüm Səmədov, Sizi bir daha doğum gününüz münasibətilə qəlbən təbrik edirik, Sizə Allahdan möhkəm can sağlığı, arzu və bəşəri niyyətlərinizin tezliklə həyata keşməsini diləyirik. Amin!
52 yaşınız mübarək olsun!”
FacebookOdnoklassnikiGoogle+TelegramWhatsAppTwitter