Sultan bəyin qulağıkəsik Andronikin qoşununu darmadağın etdiyi kənddə işğalçılar 150 yeni ev tikiblər
Nur-az.com:Sentyabrın 3-də qondarma Dağlıq Qarabağ Respublikasının Kaşataq rayonunun Axavno kəndində “Ariavan” adlı yeni yaşayış kvartalının açılış mərasimi keçirilib.
Moderator erməni mediasına istinadla xəbər verir ki, açılışda “DQR” “prezident”i Bako Saakyan, “baş nazir” A.Arutyunyan, Erməni Həvari Kilsəsinin “Artsax” Yeparxiyasının rəhbəri P. Martirosyan da iştirak edib.
xatırladaq ki, sözügedən məntəqə de-yure Azərbaycanın tərkibində olan işğal edilmiş Laçın rayonunun Həkəri çayı sahilindəki Zabux kəndidir. Ərazidə yeni qəsəbənin tikintisinə livanlı ermənilərin təşkil etdiyi “Artsax Ruts İnvestment” (“ARİ”) kompaniyasının birgə layihəsi əsasında 2014-cü ilin yazından başlanıb. Məlumata görə, 150 evdən ibarət kvartalda yaşayış üçün Avropa kəndlərinin standartlarına uyğun hər cür şərait yaradılıb.
Onu da unutmayaq ki, 1918-ci ildə məhz Zabux kəndi ətrafında Qarabağ general-qubernatoru Xosrov bəyin gördüyü tədbirlər nəticəsində qardaşı, el qəhrəmanı Sultan bəyin başçılıq etdyi Azərbaycan oğulları Şuşaya və Xankəndinə keçmək istəyən erməni general Andronikin minlərlə əsgərini məhv etmişdi.