Həbsdəki jurnalist, «Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucovun (Qaraşoğlu) istintaqı başa çatıb.
Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.Vəkilin deməsinə görə, bunu istintaq qurumundan onlara bu gün, sentyabrın 6-da bildiriblər.
Vəkil vurğulayıb ki, jurnalistə yekun olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, Ə.Orucova 8 ilə kimi həbs cəzası verilə bilər.
E.Sadıqov yaxın günlərdə cinayət işinin materialları ilə tanış olacaqlarını bildirib.
İstintaq materialları ilə tanışlıq zamanı pozuntular aşkarlanarsa, müdafiə tərəfi vəsatətlər verməyi planlaşdırır.
Vəkillər cinayət işi ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.
XATIRLATMA
«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova (Qaraşoğlu) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.
Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.
Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.
Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.
«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.
Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.