Bu barədə Meydan TV-yə məlumat verən Zibeydə Sadıqova jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlərin yarandığını deyib:
"Normalda ürək döyüntüsü 60 olmalıdırsa, Əfqan Muxtarlının ürək döyüntüsü 110-a çıxır. Ona dərman veriblər, nəticədə təzyiqi həddən aşağı düşüb, amma nəbzi əvvəlki kimi vurur. Jurnalist bütün günü baş ağrılarından əziyyət çəkir".
Vəkil Zibeydə Sadıqova Gözəl Bayramlı ilə 3 saat söhbət etdiyini və onun da səhhətində problemlərin açıq sezildiyini bildirib:
"Ayağa qalxanda Gözəl xanım ayaq ağırılarından çox əziyyət çəkirdi. Hələ də ona əsa verilməyib, onun yalnız bir ayağına bandaj veriblər, indi də geri istəyirlər. Son iki gündə mədəsində kəskin ağrılar başlayıb".
Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam edir.