Dünyanın nüfuzlu nəşrləri Azərbaycan hakimiyyətinin 3 miıyardlıq korrupsiya sxemini faktlarla ortaya qoydu və bu prosesdə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması gündəmə gəldi.
Artıq bir neçə gündür ki, dünyada “Azərbaycan günləri” yaşanır. Daha dəqiq desək, “tərbiyəsiz uşaq” imici qazanmış YAP hakimiyyətinin çirkin əməlləri bu dəfə daha qabarıq şəkildə ifşa edildi. Dünyanın nüfuzlu nəşrləri Azərbaycan hakimiyyətinin 3 miıyardlıq korrupsiya sxemini faktlarla ortaya qoydu və bu prosesdə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması gündəmə gəldi. Ardınca ABŞ senatında Azərbaycana qarşı sanksiyalar tətbiq olunması təklifi irəli sürüldü və bu təklif qəbul edildi. Yəni, açıq şəkildə ifadə olundu ki, Azərbaycan hakimiyyətinin demokratik dünya qarşısında nüfuzu yoxdur. Sadəcə olaraq uzun illər ərzində külli miqdarda pul qarşılığında satın alınmış şəxslər hesabına özlərini sudan quru çıxara biliblər.
Amma məsələnin əsas hissəsi indi başlayır və bu başlanğıc olduqca qeyri-ciddi görünür. Belə ki, rəsmi təbliğat Qərbə qarşı hücuma keçib və öz aləmlərində şantajla məşğuldular. Bu mənada “Azərbaycan” qəzetində dərc olunmuş məqalə xüsusilə ikrah doğurur. Təbii ki, sifariş yuxarıdan gəlib və çürük arqumentlərlə zəngindir.
Hökumət 3 milyardlıq rəzalətə, Azərbaycana doğru yön almaqda olan sanksiyalara “mən səndən küsərəm” formasında cavab verir. Məlum məqalədə əsas arqument budur ki, Qərblə əməkdaşlığı dayandırarıq, anti-terror əməliyyatlarında iştirak etmərik, represiyyaları gücləndirərik, təkvektorlu siyasət yürüdərik. Hətta rəsmi təbliğat israr edir ki, Azərbaycanın Qərbdən üz çevirməsi Qərb üçün ağır itki olacaq. Daha sonra bugünə qədər olan əməkdaşlığa görə ABŞ-a, Avropaya minnət qoyurlar. Bir sözlə, hökumət deyir ki, sanksiyalar reallaşsa birdəfəlik Qərblə vidalaşacağıq. Öz aləmlərində hərbə-zorba gəlirlər.
Amma bu məqamda yekə-yekə suallar meydana çıxır.
Azərbaycan Qərbə üz çevirsə, Tap-ın, Tanapın axırı necə olacaq? Azərbaycan külli miqdarda kreditləri kimdən alacaq? Azərbaycanın xarici ticarət dövriyyəsinin əsas hissəsi Qərbin payına düşmürmü? Avropaya, ABŞ-a “mən səndən küsdərəcik” desək nefti-qazı kimə satacağıq? Ölkəyə investisiya yatırılmasını hansı ölkələrin şirkətləri hesabına həyata keçirəcəyik?
Ümumiyyətlə, Azərbaycan birmənalı şəkiıdə Qərbdən üz çevirsə, itirən kim olacaq? Azərbaycanın maliyyə ehtiyacını Rusiya ödəyəcək, yoxsa İlham Əliyevin bugünlərdə təbrik göndərdiyi Şimali Koreya prezidenti?
Bütünlüklə idxaldan asılı olan, xarici borcu dövlət büdcəsini 2 dəfə üstələyən, vətəndaşın maaşını vermək iqtidarında olmayan ölkənin Qərbi qorxutmaq cəhdi gülməli görünür.
Və nəhayət, bugün hökumət komandasında təmsil olunanların pulları, biznesləri, övladlarının təhsili, müalicə və müayinələri, istirahətləri Qərbdə deyilmi?
Göründüyü kimi dövlətin maraqları da, hökumətin şəxsi maraqları da Qərblə vidalaşmağa imkan vermir. Qərbi ölkədəki repressiyalarla qorxutmaq cəhdi isə utancvericidi. Faktiki olaraq hökumət güllənin qarşısına vətəndaşı çıxaracağını bildirir. Təxminən belə çıxır ki, öz vətəndaşını girov götürüb, özgələrə şərt qoyurlar. “Sən məni vursan, mən də öz vətəndaşımı vuracam” arqumentiylə silahlanmaq hökumətin növbəti məğlubiyyətidir.
Xülasə, qarışqanın fillə “razborka”sı həmişə lətifəlik mövzu olub. Hökumət çürük arqumentlərlə hücuma keçərək, rüsvayçı idarəçiliyin ömrünü uzatmaq istəyir. Amma bu şantajlar artıq keçərli deyil və yuxarıda sadaladığımız faktlar da göstərir ki, bu hakimiyyəti itirmək dünya üçün yalnız qazanc ola bilər. Heç kim ağ paltarına qara ləkə düşməsini istəmir./azadlıq/