Tərəfdarları Polşa-Ukrayna sərhədini keçərək Saakaşvilini ölkəyə keçirməyə nail olublar
Arannews-un meydan.tv istinadən verdiyi xəbərə əsasən,Ukrayna hakimiyyəti keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin getdiyi qatarı Polşanın sərhəd məntəqəsindən buraxmadığına görə, o, marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlmişdi.
Lakin Ukrayna tərəfi avtomobil yolunu bağlayaraq Saakaşvilini ölkəyə buraxmaq istəmirdi. Təxminən 4 saatlıq gözləmədən sonra Saakaşvili tərəfdarları Ukrayna-Polşa sərhədini pozaraq onu Ukraynaya keçirməyə nail oldular.
Keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.
Ukrayna prezidenti Petro Porşhenko iyulun 26-da ABŞ-da səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.
Saakaşvili ötən ay Polşada bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.
2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı da əlindən alınıb.
Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonra Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.