Tarix : 2017 Sep 13
Kod 52767

İnqilabçı Soros haqqında əfsanə

Ölkəmizdə növbəti xoşagəlməz, ürəkbulandıran və əttökən əhvalat baş verib. Mən Mehman Əliyevin həbsini demirəm, bu, həbs artıq müti şəkildə əvvəlki zorakılıqların cərgəsinə düzülüb və aktuallığını itirib.
Arannew:mey dan tvistinadən xıbərə Yüz siyasi məhbus var idi, oldu yüz bir, nə dəyişdi ki? Özü də Azərbaycanda siyasi motivli həbslər milli hakimiyyətin sevimli idman növüdür. Mehman bəy sadəcə o biri siyasi məhbuslara nisbətən daha mötədil və təmkinli birisidir. Bu iki xalqımızda nadir və müsbət xüsusiyyət, hadisələrin göstərdiyi kimi, heç kəsə təhlükəsizlik zəmanəti verə bilməz.
Mən araşdırmaçı Qərb jurnalistlərinin bizim ağıllı və müdrik rəhbərlərimizin işlətdiyi “Pulyuyan maşın”la bağlı yazdıqları hesabatın doğurduğu qalmaqalı nəzərdə tuturam.
Qalmaqal deyəndə ki, arif adam üçün burada heç bir mənfi məna yoxdur. Ərəbşünas kimi qulluğunuza ərz edim ki, qalmaqal sözü ərəb mənşəlidir, “qalə mə qalə”, yəni “dediyini dedi” istilahından götürülüb.
Dedi də, nə olar, onlar dedi, bizimkilər də dedi və deyəcək!
Qaldı mətləbə, ayıb olsun Qərb jurnalistlərinə! Haram olsun onlara yedikləri çörək, aldıqları maaş! Nə vaxta qədər onlar külli-əhli-Azərbaycanın çoxdan bildiyi mətləbləri öz dərin araşdırmalarının nəticəsi kimi bixəbər Qərb əhlinə sırıyacaqlar? Axı Azərbaycanda kim bilmir ki, Qərbdən çapa-çapa gəlib Azərbaycan hakimiyyətinin analoqu olmayan nailiyyətlərini tərifləyən diplomat, deputat, politoloq və dövlət xadimləri bizimkilərdən aldıqları halal maaşı, xələti və ənamı yumaqla məşğuldurlar? Hamı bilir.
Bilməyən tək-tük adam yəqin ki, Zamin Hacının tənəli-kinayəli yazılarını oxumayıb. Oxusaydı, o da bilərdi.
Hətta bizimkilər bilməsə də, “ANB”, ABŞ-ın elektron kəşfiyyat idarəsi, bunların hamısını bilir. Axı bu idarə Yer kürəsini elə bir elektron tora bələyib ki, dünyada onun xəbəri olmayan bir telefon danışığı, bir pul köçürməsi belə həyata keçə bilməz.
Təsəvvürünüzə gətirin ki, Bakıda çoxmərtəbəli ev tikilir, fəhlə Tofiq mobil telefonla 16-cı mərtəbədə işləyən həmkarından soruşur: “Qılman, ay öküz, niyə demirsən neçə daş yükləyim?” Bəli, ANB bunu həmin anda qeydə alır, mükəmməl kompüter təhlilindən keçirir və “spam” kimi atır zibil yeşiyinə. Lakin Tofiq mobil rabitə ilə soruşsa ki, “Möhtərəm Qılman bəy, sizin sifariş etdiyiniz əmanətdə neçə daş nəzərdə tuturdunuz?”, onda kompüter bu məlumatı dərhal daha dərin və mükəmməl təhlil üçün ötürəcəkdi güclü mütəxəssis qrupuna və onlar dərin düşüncələrə dalacaqdı. Zira onlar “daş” sözünün dinamit və ya qeksogenin sinonimi olmamasına zəmanət verməlidirlər.
Bir bankdan başqa banka köçürülən və miqdarı 3 min dolları keçən istənilən əməliyyat ANB-də təhlil qrupuna göndərilir. Dünyanın bütün bankları ABŞ-dan qorxur və onun istənilən sorğusuna dərhal cavab verirlər. Odur ki, ABŞ rəhbərliyi çox gözəl bilir, üçüncü dünya ölkələrinin rəhbərləri öz məzlum və cahil xalqlarından nə qədər çırpışdırıb hara dürtüşdürüblər.
Bilir, lakin demir. Niyə də desin? Əvvəla, çırpışdırılan pulların dürtüşdürüldüyü yer adətən Qərbin maliyyə sistemidir. Bu pullar Qərb banklarına oturandan sonra başlayırlar Qərbin xeyrinə işləməyə. ABŞ dəlidir öz xeyrindən imtina etsin? Dəli deyil, ona görə bilir, lakin demir.
İkincisi, bu pullar orada yatanda əməli olaraq onların sahibi Qərb olur, bədə-bəd ayaqda onları “çirki pul” adlandırıb müsadirə etmək da, dondurmaq da olur. Necə ki, Liviyanın 230 milyard dollarını müsadirə etdilər, İranın 100 milyard dollarını 30 il “dondurub” fırlatdılar.
Sözümün canı bu deyil. Bu, birinci maliyyə qalmaqalı deyil, sonuncu da olmayacaq. Nizami Gəncəvinin bayquşu demişkən, “nə qədər ki, bu padşah təxtdə əyləşib, sənə cehiz kimi neçə xərabə desən, verərəm”. Məni yandıran dostumuz və qardaşımız Corc Sorosun adının nahaq yerə çəkilməsidir.
A kişilər, nə tez yadınızdan çıxdı? 1990-ların sonu, 2000-lərin əvvəli, Corc müəllim Bakıya gələndə və Ulu Öndər və onun ingilisdilli oğlu ilə pünhan görüşlər keçirəndə, niyə ağlınıza gəlmirdi ki, Soros maliyyə fırıldağçısıdır?
Niyə demirdiniz ki, Soros ermənilərə işləyir?
Bilirəm niyə demirdiniz. Desəydiniz, Ulu Öndər sizə elə bir qulaqburması verərdi ki, qulağınız şişib Ordubad küftəsi boyda olardı.
Elə bizim ingilisdilli prezidentimiz hər il Davos sammitinə gedəndə, kiminlə mütləq görüşür? Kiminlə? Bizim bu Corc müəllimlə!
Nədən danışırlar? Təbii ki, maliyyə məsələlərindən. İndi mister Sorosa qara yaxmaq istəyənlərdən mən soruşuram ki, İlham müəllim kiminlə görüşdüyünü bilmir? Yoxsa sizdən icazə almalıdır?
Bəli, maliyyə məsələlərinin iki mükəmməl bilicisi pünhan görüşüb cox incə və həssas mətləbləri müzakirə edirlər.
Və bu mətləblər arasında, sizi inandırım ki, erməni məsələsi yoxdur və ola da bilməz. Sırf maliyyə məsələləri!
Keçək cənab Sorosun inqilabçılığına, daha doğrusu, rəngbərəng inqilabların təşkilindəki xidmətlərinə. Açıq demək lazımdır ki, Corc Sorosu onun inqilabçılığı barədə deyilən və yazılan əfsanələr çox xoşbəxt edir.
Təsəvvürünüzə gətirin ki, hamı boks üzrə sıravi SSRİ idman ustasını göstərib deyir ki, “Bu cüllüt Mayk Taysonu döymüşdü”. Cüllüt nə edər? Hamıya qışqırar ki, “Mən ömrümdə Mayk Taysonun üzünü görməmişəm”? Yoxsa susaraq vüqarla hamını süzər?
Corc Soros məhz ikinci tərzi - hərəkətə üstünlük verir, zira bu əfsanə onun şənini və şöhrətini artırır.
Əslində isə məsələ nə yerdədir? Bunu elə-belə, ağlıma gələndən demirəm, bunları altı il Azərbaycandakı “Açıq Cəmiyyət (Corc Soros) Fondu”nun İdarə Heyətinin üzvü, o cümlədən, dörd il onun sədri olmuş, üç dəfə onunla görüşmək nəsibini yaşamış adam kimi söyləyirəm.
Corc Soros heç yerdə və heç zaman inqilab təşkil etmir. Hər yerdə və hər zaman inqilabı cəmiyyətin və zəmanənın tələblərini nəzərə almayan tamahkar və kütbeyin dövlət başçıları təşkil edirlər! Soros yox! Zeyna-l-Abidin bin Ali! Soros yox! Mühamməd Husni Mubarək! Soros yox! Muammar əl-Ğəzzafi! Soros yox! Ali Abdallah Salih! Soros yox! Bəşar əl-Əsəd! Soros yox! Eduard Şevardnadze! Soros yox! Viktor Yanukoviç!
Bundan sonra da yenə cox yerdə xalq və ya xalqın fəal azlığı ayağa qalxıb inqilab etsə və eşitsəz ki, hansısa ağıldan kəm və ya yalançı hiyləgər inqilabın günahını yıxır Corc Sorosun üstünə, inanmayın!
Coros fondlarının fəaliyyəti tam şəffafdır, maliyyələşdirdiyi bütün layihələrin mətni və büdcəsi İnternetdə yazılıb, bir qəpik belə bank hesabından keçmədən ödənilmir, dövlətin bütün maliyyə qaydalarına sərt riayət edilir və qanunlara tam hörmət edilir.
Qanunlara oğru və cahil məmurlar riayət etmirlər, onların tamahı və cəhaləti ucbatından qəzəblənmiş insanlar cana gəlib küçələrə çıxırlar və oğruların və müstəbidlərin rədd olmasını tələb edirlər!
Soros xalqa mövcud qanunlar çərçivəsində şəffaf və ədalətli seçkilərin keçirilməsi qaydalarını öyrədən qeyri-hökumət təşkilatlarına pul ayırır. Bu, xalqın malını basıb yeyən və saxta seçki vasitəsilə hakimiyyətinin ömrünü uzadan vicdansız və əliəyri məmurlar üçün ölümdən betər bir təhlükədir. Məhz buna görə onlar Sorosu qorxulu bir təhlükə sayırlar.
Unudurlar ki, Sorosdan xeyli əvvəl bizim Mirzə Ələkbər Sabir demişdi:
Ah! Necə kef çəkməli əyyam idi!
Onda ki, övladi-vətən xam idi! 
Soros çalışır ki, Sabirin acı şikayətinə son qoyulsun və övladi-vətən öz xamlığına son qoyub bu bədbəxt ölkəyə sahib çıxsın.
Bunun nəyi pisdir?!
  • Yazılıb
  • da (də) 2017 Sep 13
  • Göndərən مدير سايت Aran News