Ahlibeyt.ge xəbər verir ki, ötən gün Tbilisidə yerləşən “Alulbeyt” adına Dini Mədəniyyət Mərkəzində "Qədir-xum hadisəsinin islam tarixində rolu" mövzusunda elmi konfrans keçirilib. Konfransda din, dövlət və ictimaiyyət xadimləri və azərbaycanlı ziyalılar iştirak edib.
Aran Agentiliyi: Konfransı giriş sözündən sonra Quran tilavəti ilə açan Vidadi Qurbanov sözü öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O təşkil olunan konfransın məqsəd və qayəsini açıqladıqdan sonra İslam tarixində üç əsas və önəmli hadisələrin (Besət, Qədir-xum və Zühur) əhəmiyyət və fəlsəfəsindən danışıb. O qeyd edib ki, İslam tarixində Peyğəmbərin Həra mağarasında Allah tərəfindən seçilməsi və İmam Əlinin (ə) Qədir-xumda Peyğəmbərimizn (s) canişini olaraq təyin edilməsi bir tarixi hadisə olmaqla yanaşı bəşəriyyətin və xüsusi ilə də İslam ümmətinin talehini müəyyən edir.
Sonra çıxış edən Əl-mustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare bu günə təsadüf edən “Mübahilə” hadisəsini əsas gətirərək Quranda “Qədir-xum”la bağlı nazil olan ayələri izah edib.
Daha sonra ölkəmizdə qonaq olan Ümumdünya "Əhli-beyt" Assambleysanın Ali Şurasının sədri, Təbrizin keçmiş İmam Cüməsi Ayətullah Möhsin Müctəhid Şəbistəri gözəl bəyanı ilə möminlərin əmiri İmam Əlinin (ə) vilayət məqamından, Hz. Əlinin (ə) hər iki məzhəb tərəfindən elm, şücaət, təqva və s. bir çox sahələrdə nümunəvi şəxs olduğundan danışdı. Bu gün Peyğəmbərimizin (s) “Qədir-xum”da İslam ümmətinə qoyduğu iki əmanətə müsəlmanların düzgün vəfa etmədiyindən söhbət açdı. Bəzi müsəlman ölkələrində bu gün yaşanan hadisələrin səbəbinin məhz Quran və Əhlibeytə birgə sarılmamalarından irəli gəldiyini izah etdi.
Son zamanlar İslamın fitnə ilə qarşılaşdığı və İslam coğrafiyasında ürəkağrıdan hadisələrin yaşandığı bir zamanda müsəlmanların tək ümmət olub daha da vəhdət təşkil edərək bir olmalarının önəmindən danışdı.
İki saat sürən konfrans Hacı Rahid Kərimovun İmam Zaman (ə) duası oxuması ilə sona çatdı.