Bu meydan, bu ölkə bu xalqın, aşurasevərlərindir, İmam Hüseyn (ə) eşqiylə yaşayanlarındır.
Arannews:nur-az.com istinadən xəbərə:Müxalifət, daha dəqiq desək Milli Şura ölkədə talançılıq və yalançılıq, ümumilikdə zülm-istibdad əleyhinə mitinq keçirməyi planlaşdırır. Yaxşı yadımdadır, ötən il də bu il olduğu kimi Milli Şura mitinqini məhərrəmlikdə keçirtmişdi (ya da məhərrəmlik ərəfəsində). Bu, bir sıra sualların ünvanlanmasına səbəb olur? Əlbəttə, mənim nahaq yerə "İslamdan, dindən öz məqsədləri üçün istifadə edirlər" sözlərini dillərində şüar edənlər və bu əqidə ilə yezidləşənlərlə işim yoxdur. Amma onlara deyiləcək bir sözüm var, o da budur ki, əgər belədirsə onda belə çıxır ki, siz ya dinsizliyi əlinizdə bayraq edib ondan suyi-istifadə edirsiniz, ya da din paklıq olduğu üçün ondan çəkinməyə üstünlük verirsiniz. Çünki napaksınız.
Bu yerdə sual başqadır. Görəsən nə üçün müxalifət düşərgəsi daha çox məhərərm ayında meydanda düşərgə salmağa üstünlük verir? Əlbəttə, məlum məsələdir ki, onlar da İmam Hüseyn (ə) məktəbinin əzəmətindən məlumatlıdırlar. Çünki bu ay dindarın, İmam Hüseyn (ə) aşiqinin qanının qaynayan, dindar olmayanın da ən azından ehtiram bəslədiyi aydır. Təbii ki, dindarın da qeyri-dindarın da İmam Hüseynin (ə) məktəbindən faydalanmaq haqqı var. Bu məktəbdən bir zamanlar İran İslam İnqilabının lideri İmam Xomeyni (r) faydalanıbsa, başqa bir zaman buddist Mahatma Qandi özünün Kərbəla məktəbindən bəhrələnməsini açıqca dilə gətirib. O deyib ki, mən bütün dünyanı gəzib dolaşdım, Hindistanı azadlığa çıxartmaq üçün İmam Hüseyn (ə) məktəbini ərməğan gətirmişəm.
Müxalifətçilər heç də pis eləmir. İqtidar dinə-imana gəlmirsə, müxalifətin belə bir ayda qanları qaynatmasının, ölkəni sirkələməsinin, dindarı, qeyri-dindarı meydanda toplamasının heç bir qəbahəti yoxdur. Zatən dindar və qeyri-dindar zalım əleyhinə birləşməsə, xalq bir olmasa heç bir fayda verməyəcək.
Müxalifət İmam Hüseyndən (ə) bəhrələnmənin ən doğru yol olduğunu anladığı halda iqtidar və onun "dindarları" yenə başlayacaqlar müxalifəti dindən suyi-istifadə etməkdə qınamağa. Üstəlik, iqtidara meyilli dini qurumların bu ayda qanvermə kompaniyasına başlamalarının bir səbəbi də o ola bilər ki, onlar insanları, müsəlman xalqı İmam Hüseyn (ə) məktəbini həqiqi mahiyyətindən uzaq salmaq istəsinlər. Doğrusunu Allah bilir. Allah bəndəsinin bildiyi isə odur ki, Allaha həqiqi qul olan insan lazım gəldikdə belə bir ayda həm meydanda qan verməyi bacarmalıdır, həm də xəstəxanada. Xəstəxanada qan vermək o qədər də çətin deyil, hünərin var gəl meydana!!!
Müxalifətçilər gərək mitinq iştirakçılarının sayının azlığından narahat olmasınlar. Kərbəlada Aşura günü müxalifətçilərin sayı bizim müxalifətçilərin sayından dəfələrlə az idi. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Əsas odur ki, bu gün nahaqdan həbs edilən vicdan məhbuslarının tərəfdarları, hicab uğrunda özlərini fəda edən məhbusların yaxınları əllərində Hacı Mövsümün də, Fuad Qəhrəmanlının da, İlqar Məmmədovun da Hüseyn Abbasovun da rəsmlərini tutsunlar.
Məlumdur ki, onsuz da indidən Milli Şuranı dinçilikdə ittiham edən, Hacı Taleyə "AXC mollası" deyən, hətta Elşən Musayev kimi Milli Şüraya "milli aşura" deyən travmalı zehniyyətlər hər zaman tapılmaqdadır. Bu cür zehniyyətlər özlərini dindar kimi qələmə versələr "Şüreh qazi" kimi ad çıxarar, dindar deyillərsə Hərmələdən artıq olmazlar. Çünki bu tip insanlar Aşuranın məktəbindən bixəbərdirlər.
Qarşıdan məhərrəm ayı gəlir. Hər il məhərrəm ayında Mübariz Qurbanlının başında durduğu qurum bir hoqqa çıxarmağa başlayır. Ötən illərdə İmam Hüseyn (ə) şüarlarını, bayraqlarını yığışdırmağa çalışmışdılar. Amma undurlar ki, İmam Hüseyn (ə) şüarlarının başında "ədalətli ol!" şüarı dayanır. Bu şüarı necə yığışdıra bilərsən? Bunu yığışdırmağa qalxsan, sənin özünü yığışdırarlar. Odur ki, bəri başdan özünü yığışdır!
Əslində nə qədər ki, İmam Hüseyn (ə) şüarlarına, dini rituallara "əl dəyməyə" cəhd edirlər, bir o qədər öz sonlarını hazırlayırlar. İndiki hakimiyyətin, şəxsən Mübariz Qurbanlının Heydər Əliyevin sayəsində hakimiyyətə (vəzifəyə) gəlməsinə baxmayaraq Heydər Əliyevə 180 dərəcə zidd addımlar atırlar. Məsələn, balaca bir axtarışla Heydər Əliyevin "Təzəpir" məscidində Məhərrəm ayında İmam Hüseyn (ə) barəsindəki çıxışını tapa bilərsiniz. Həmin videoya baxanda bilinir ki, İlham Əliyevin Heydər Əliyevdən öyrənmədiyi bir çox məsələ vardır. Heydər Əliyev çox gözəl bilirdi ki, İmam Hüseynlə (ə) müharibə etmək Allaha müharibə elan etməkdir. Hər kim bu müharibəyə girişsə məğlub olar. Yəzid lənətullah kimi tarixin zibilliklərinə gömülər. Ona görə də onun zamanında İmam Hüseyn (ə) şüarlarına, bayraqlarına, hicaba, məscidə, ruhaniyə əl uzadılmırdı. İmam Hüseyn (ə) məktəbinin bərəkəti bundan ibarətdir ki, istər iqtidar ol, istər müxalifət, hər iki cəbhə bu məktəbdən ilham ala bilər. İqtidar bilməlidir ki, zalım olsalar zəmanənin Yəzid lənətullahı kimi ad çıxaracaq, ondan səviyyəcə yuxarı qalxmayacaqlar. Ona görə ədalətli davranmağa üstünlük verməlidir. Anlamalıdır ki, ədalətli davranmasalar ədalət bayraqdarı olan, milyonların qibləsinə çevrilən İmam Hüseynin (ə) məktəbini oxuyub, əməl etməklə ədaləti bərpa etməyə çalışanlar mütləq tapılacaqlar. Çünki hər gün Aşuradır, hər yer Kərbəladır.
Müxalifət mitinq keçirdiyi günü Aşura qərar verməlidir. Bu meydan, bu ölkə bu xalqın, aşurasevərlərindir, İmam Hüseyn (ə) eşqiylə yaşayanlarındır. Bu meydan Kərbəla meydanıdır.