Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır.
Arannews_İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.
Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınının erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını istisna etmədən, belə təxribatların, yalan məlumatların Azərbaycan mediasında, habelə sosial şəbəkələrdə geniş şəkildə gündəmə gətirilməsinə təəssüf edir, belə məsələlərə yanaşmada milli təəssübkeşlik hissini və mənəvi dəyərləri üstün tutmağı tövsiyə edirik.
Sədrin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyildir. Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik.
QMİ-nin Mətbuat Xidməti