Ailə üzvlərinə Əhsən Nuruzadənin necə aparıldığını görən qonşular və digər tanışları məlumat verib
Arannews:nut-az.com:istinadən xəbərə: Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin iştirakçısı olan Əhsən Nuruzadə bu gün günorta saatlarından yoxa çıxıb. Onun ailə üzvləri bildirib ki, Əhsən Nuruzadə evdən mağazaya getmək üçün çıxıb. Həmin vaxt onun əynində evdə geyindiyi idman paltarı, ayağında isə başmaq olub. Əhsən Nuruzadə evlərindən azacıq uzaqlaşan kimi 3-4 nəfər mülki geyimli şəxs onu tutub maşına oturdaraq, naməlum istiqamətə aparıblar. Bunu da ailə üzvlərinə Əhsən Nuruzadənin necə aparıldığını görən qonşular və digər tanışları məlumat verib.Üstündən beş saatdan çox vaxt keçsə də, Əhsən Nuruzadənin hara aparılması haqda heç bir məlumat yoxdur.
Yaxınları baş verənlər haqda vəkil Yalçın İmanova da məlumat verib. Vəkil gün ərzində müxtəlif qurumlarla əlaqə saxlamasına baxmayaraq, Əhsən Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, bu ilin yanvarında da analoji hadisə baş vermişdi. Əhsən Nuruzadə yanvarın 24-də evlərinin yaxınlığında bir neçə nəfər mülki geyimli tərəfindən maşına mindirilib aparılmışdı. Yanvarın 30-na qədər onun yeri haqda ailəsinə, vəkilinə heç bir məlumat verilməmişdi. Bu müddətdə vəkili Yalçın İmanov Ombudsman Aparatına, Daxili İşlər naziri Ramil Usubova, anası vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Üstündən bir həftə keçəndən sonra – yanvarın 30-da vəkilə telefonla zəng edib, Əhsən Nuruzadənin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı haqda məlumat verilmişdi. Vəkil idarəyə gedəndə isə Nuruzadənin Binəqədidə inzibati həbs olunanların saxlandığı təcridxanada olması bildirilmişdi. Məlum olmuşdu ki, Nərimanov Rayon Məhkəməsi onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. İddia olunurdu ki, Əhsən Nuruzadə polisin qanuni tələbinə tabe olmadığına görə cəzalandırılıb.