Tarix : 2017 Sep 21
Kod 52832

''Lazım gələrsə, Ermənistanı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracağıq''

İlham Əliyev: Azərbaycanda ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir
Arannews-meydan.tvistinadən xəbərə:Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
Tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 25 ildən çoxdur işğalda saxlandığına diqqət çəkərək bildirib ki, ilhaq nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 
Prezident deyib ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb:
“1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.
İ.Əliyev aparıcı beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələri xatırladıb:
“1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir”.
Ölkə başçısı Ermənistanı status-kvonun dəyişməz qalmasında ittiham edib:
“ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.
Prezident 2016-cı ilin aprelində Ermənistanın hərbi əməliyyatlara başlamaqda ittiham edib:
“Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanıb”.
İ.Əliyev bildirib ki, Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Prezident Azərbaycanı müasir, sabit və demokratik ölkə adlandırıb:
“Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir”

  • Yazılıb
  • da (də) 2017 Sep 21
  • Göndərən مدير سايت Aran News