Quran ayəsini, İmam Hüseyn (ə) qiyamını rəhbər tutaraq öz aqibətimizi dəyişməliyik.
arannews_ Məhərrəm-Səfər əyyamı İmam Hüseynin (ə) inqilabından sonra bu inqilabdan bəhrələnən insanlara həmişə fayda verib. Məsum İmam (ə) "Hər gün aşuradır, hər yer Kərbəla" deməklə çox düzgün buyub və demək olar ki, bu ifadə bir başqa cəhətdən Kərbəla qiyamına əbədilik bəxş edib. Mövzu çox aktualdır. Mübarək ifadədəki "hər gün" və "hər yer" sözləri bu qiyamı həmişə canlı tutur.
Tarix boyu İmam Hüseyn (ə) inqilabından sonra çox inqilablar baş qaldırdı. İnsanlar o zamanadək elə bilirdilər ki, başçı hər necə olur olsun ona qarşı etiraz etmək günahdır. Əlbəttə, nəinki o zamanlarda üstəlik bu günümüzdə də biz bu kimi səfeh fikirlərlə qarşılaşırıq. O zamanın Yəzidinin (lənətullah əleyh) zamanımızdakı törəmələri olan vahhabizm bu ideyanı öz dövlətinin əsas prinsiplərindən birinə çevirib. Bu ideya (dövlət başçısına qarşı çıxmaq günahdır) bu gün də dövlət səviyyəsində təbliğ edilir. Lakin görürük ki, Səudiyyə vahhabiləri bu ideyadan öz şəxsi ambissiyalarına görə istifadə edirlər. Öz dövlətlərini qurduqları andan etibarən bu fikri insanların beyninə yeridirlər. Buna bənzər çox misallar çəkə bilərik ki, zalım hakimiyyətlər özlərinin ayaqda qalmalarından ötrü sözün həqiqi mənasında cahil fikirlər ortaya atırlar. Məsələn, zalım başçılar özlərini təmiz adam kimi göstərmək üçün onlara etiraz edənləri dövlətin fundamentini qazımaqda ittiham edirlər. Halbuki etirazçı insan dövlətə deyil, o dövləti xaraba günə qoyan insanlara, zalım başçılara etiraz edir. İmam Hüseynin (ə) dövründə də bu cür idi. Bəzi cahillər deyirdilər ki, İmam (ə) güya Peyğəmbər (s) xəlifəsinə (məlun Yəzid) qarşı çıxıb. Bu da o deməkdir ki, İmam Peyğəmbərin (s) özünə qarşı çıxır. Peyğəmbərin (s) əleyhinə çıxmaq isə təbii ki, Allaha qarşı çıxmaqdır. Görün hansı hiyləyə əl atılırdı. Baxırıq bu günümüzə, hansısa bir etirazçı hökümətə qarşı çıxış edir, etiraz edib onun haqsızlıqlarını ifşa edir, deyirlər bu dövlət əleyhinə danışır. Üstəlik, həmin etirazçı hansısa tanınmış, ictimai insan olsa və beynəlxaq tribunalardan haqq trəfdarlarına səslənsə deyəcəklər ki, bu adam gedib ailənin sirrini yad insanların arasında ifşa edir. Halbu ki, İmam Hüseyn (ə) Həcc ziyarətini fürsət bilib Yəzid lənətlik əleyhinə danışırdı. Düzdür, deyilə bilər ki, o zamanlar həccə gələnlərin hamısı müsəlman idi və Yəzid də onların "başçısı" idi, burada yad adam yoxdur. Bunun cavabında deyilməlidir ki, yad insan mənim millətimdən olmayan, doğma insan isə mənim soydaşım olan deyil. Bu millətpərəstlərin batil yoludur. Bu düzgün baxış deyil. İslam dini hətta bir əqidədə olmayan ata-balanı belə ata-bala hesab eləmir. Nuh (ə) peyğəmbərin hadisəsini oxuyun. Quran Nuhun (ə) batan oğlunu Nuhun (ə) oğlu hesab eləmir. Çünki o atasının əqidəsində deyil idi. Atasına və atasının Allahına kafir olmuşdu.
Bizim yolumuz hansısa qatı millətpərəstin yolu deyil. Bizim üçün "hidayət çırağı" və "nicat gəmisi" İmam Hüseyn ağadır. O, açıq-aşkar Yəzid əleyhinə şüarlar verir, onu aləmdə rüsvay edirdi. Bizim meyarımız İmamdır. Bu ayda bütün etirazçılar daha çox coşqulu olmalıdır. Dünyanın hər nöqtəində yaşayan məzlumlar bu günləri fürsət bilib zalım əleyhinə ayaqlanmalıdır. Quran buyurur ki, bir qövm öz aqibətini dəyişməyincə Allah onun aqibətini dəyişməz. Bu mövzu heç də təkrar kimi başa düşülməməlidir. Başa düşülsə də təkrara çox yol verməliyik. Çünki Quran özü Qiyamətə qədər mötəbər kitab olduğu üçün indiyədək 13 əsrdən çox bir zamanda, bundan sonra da ta Qiyamət gününə qədər bu ayə oxunacaqdır. Hər dəfə oxunduqca insana yol göstərəcəkdir. İmam Hüseyn (ə) bu ayəni öz qiyamıyla qüvvətləndirdi.
Zalım başçılar öz xalqlarından oğurladıqları milyonları oğurlayarkən heç xəyanət sayılmır. Hakimiyyətdə qalmaqlarından ötrü xalqa hər cür işgənə verirlər. Öz başçıları olan xaricilərin xoşuna gəlsinlər deyə ölkənin, xalqın neftini su qiymətinə xaricə satır, ölkədə xalqı süründürürlər. Bütün bunları xəyanət saymırlar. Bəs məzlumların həcc ziyarətində toplaşarkən bir-birinin vəziyyətindən xəbərdar olması niyə xəyanət sayılmalıdır. Bu stereotipi sındırmaq lazımdır. Necə ki, İmam Hüseyn (ə) bu bütün zamanında qırdı.
Quran ayəsini, İmam Hüseyn (ə) qiyamını rəhbər tutaraq öz aqibətimizi dəyişməliyik. Əks halda, bir xalq öz aqibətini dəyişmədikdə, Allah onun aqibətini dəyişməz. Başqa dövlətlər, rejimlər bu xalqın aqibətini dəyişə bilər, amma öz xeyirlərinə və bu xalqların ziyanına. Bir zalımdan qurtulan xalq başqa zalımın əlinə düşəcək. Öz aqibətimizi dəyişməyə çalışaq ki, Allah kömək etsin bizə.