Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov Qobustan həbsxanasında olduqca acınacaqlı və dözülməz şəraitdə saxlanılır
Aran Agentiliy: bu barədə sentyabrın 22-də Qobustan Qapalı Tipli Təcridxanasında Mövsüm Səmədovla görüşən vəkil Yalçın İmanov məlumat verib.
Vəkilin sözlərinə görə, Mövsüm Səmədov bildirib ki, iyulun 21-dən Qobustan həbsxanasına gətiriləndən bu yana ona ərzaq bağlaması, ailə üzvləri ilə görüş və telefonla danışmaq hüququ verilmir.
M.Səmədov, təxminən 6 kvadratmetlik kamerada başqa bir məhkumla antisanitariya şəraitində saxlandığını, kameranın saxlanma normalarına və gigyena tələblərinə cavab vermədiyini, döşəmə və tavanın beton olduğunu, kameranın içərisində yarıaçıq tualet olduğunu bildirib.
“Mənə ərzaq bağlaması, pul verilməsinə qadağa qoyulsa da, burdakı təminatlar da çox pis səviyyədədir. Həbsxananın yeməkləri yeyiləsi deyil. Səhər manna, günorta vermeşil supu, axşam da perlova verilir. Buranın suyu içiləsi deyil, qablara yığıb saxlayırıq ki, lil dibinə çöksün, içə bilək. Əl sabununu 2 dəfə yumalısan ki, sabunun çirki təmizlənsin. Özlərinin o kamerada 1 saat oturmağa gücləri çatmaz, heç biri o yeməklərdən yeməz” - deyə Mövsüm Səmədov bildirib.
M. Səmədov həbsxanada ciddi şəkildə su probleminin də olduğunu vurğulayıb:
“Tualetə iki qab su tökə bilmirik. Bunlar bizə nə etmək istəyirlər? Bu rəftara nə ad vermək olar?” - deyə vəkilə sual edib.
Yalçın İmanov deyir ki, M.Səmədov həbsxanaya gətirildikdən sonra ona 6 aylıq ciddi saxlanma rejimi tətbiq edilib. Cəzaların İcrası Məcəlləsinə görə, həbsxanada ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur. Qanunvericliyə əsasən, ciddi saxlanma şəraitində olan məhkumlar üçün bağlama, sovqat və ya banderol almaq, yaxınları ilə görüş hüququ məhdudlaşdırılır.
Vəkilin sözlərinə görə, Səmədova qanunda nəzərdə tutulmuş maksimum 6 aylıq ciddi saxlanma rejiminin tətbiqi ona münasibətin qərəzli olduğunu bir daha təsdiq edir.
Vəkil deyir ki, Avropa Penitensiar Qaydalarına görə, azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır. Penitensiar müəssisənin bütün ərazisi daim təmiz və səliqəli saxlanılmalıdır. Məhbusların penitensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər otaqlar təmiz olmalıdır:
"Qaydalara əsasən məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşağından istifadə etmək imkanına malik olmalıdırlar. Məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilirlər. Yemək minimal kolorililik və zülalların tələblərinə cavab verməlidir, sanitar-gigiyenik tələblərə uyğun hazırlanmalıdır, məhbusların təmiz içməli sudan daima istifadə etmək imkanları olmalıdır".
Vəkil deyir ki, Cəzaların İcrası Məcəlləsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz. Məcəllənin tələbinə əsasən məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar.
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ildə AİP-in baş məclisində hakimiyyətə yönəlik sərt tənqidi çıxışından sonra bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.
2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülüb.
O, ötən il noyabrın 28-də 12 saylı həbsxanaya qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (karsa) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.
Rayon məhkəməsinin qərarından verilən şikayəti apelyasiya instansiyası təmin etməyib.
M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindar hüquqlarının pozulmasına görə kəskin tənqidə tuturdu. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirmişdi.