Əhli-beytin (ə) tövsiyələrindən biri də onların buyuruqlarının təbliği üçün məclislər qurulmasıdır.
Bu məclislərdən biri də imam Hüseyn (ə) üçün qurulan əzadarlıq mərasimidir
Arannews:Şiələr Kərbəla vaqiəsindən sonra Əhli-beytin (ə) təşviqi ilə əzadarlıq məclisləri qurmağa başladılar. Bu yolla xalqa Quran və rəvayətlər, həqiqi maarif və fiqhi məsələlər təlim olunurdu. Məhz bu məclislər vasitəsi ilə zalım rejimlərə etiraz olunur, bəzən isə hakimiyyətlər dəyişdirilirdi.
Əhli-beyt (ə) eşqinə qurulmuş məclislərin təsir və bərəkətlərini yazmaqla qurtarmaz. Bu məclislərin hansı təsirlərə malik olduğu yalnız Allaha məlumdur.
Dövrümüzdə bu məclisləri yetərli qaydada təşkil etmək və onu qoruyub gələcək nəsillərə çatdırmaq zəruridir. Bu məclislərin gözəlliyi Əhli-beyt (ə) aşiqlərinin əl-ələ verib məhərrəm, səfər aylarında, fatimiyyə günlərində ardıcıl bərpa etməsidir. Alimlər bu məclislərdə öz ilahi bəyanatları ilə insanları Quran və Əhli-beyt (ə) maarifi ilə tanış edirlər. Adətən söhbətlərin sonunda Əhli-beyt (ə) müsibətləri zikr olunur, xüsusi ilə imam Hüseyn (ə) yada salınır. Bu sayaq məclislər insanların imanını gücləndirir.
İslamdan xəbərsiz bir çox insanlar məhz bu məclislərdə dini həqiqətlərlə tanış olurlar. Kərbəla nurunda Hürr kimi insanlar tövbə qılır, pak həyata qədəm qoyur. Hətta qeyri-müsəlmanların da bu məclislərdə İslama üz tutub həqiqətlərə iman gətirməsi mümkündür.
Mən özüm otuz ilə yaxındır ki, həmin məclislərdə dini təbliğatla məşğulam. Uyğun həqiqətləri öz gözümlə müşahidə etmişəm.
Əhli-beyt (ə) xatirəsinə qurulmuş məclislərin bərəkəti sayəsində məscidlər və mədrəsələr tikilir, xeyriyyə fondları yaradılır, yetimlər evi açılır. Həmin mərkəzlərdə milyonlarla insan həzrəti Haqqın feyzlərindən və İslamın əsərlərindən bəhrələnir. Heç şübhəsiz, bu qəbil məclislərin müxalifi Allahın müxalifləridir. Onların düşmənçiliyi əslində bəşəriyyətlə düşmənçilikdir.
İmam Sadiq (ə) Fuzeyl ibn Yəssara buyurur: “Bir yerə yığışıb bizim vilayətimiz haqqında danışırsınızmı?” Fuzeyl deyir: “Bəli.” Həzrət buyurur: “Mən bu qəbil məclislərin aşiqiyəm. Bu məclislər vasitəsi ilə bizim göstərişlərimizi həyata keçirin. Ey Fuzeyl! Allah rəhm qılsın bizim əmrlərimizi dirildənə!”
İmam Baqir (ə) buyurur: “Allah rəhmət etsin biri ilə həmsöhbət olub bizim göstərişlərimiz və maarifimizdən danışana. İki nəfər bizim əmrlərimizdən danışanda onların üçüncüsü mələkdir. Bu mələk onlar üçün bağışlanma diləyir. İki nəfər bizi xatırlamaq üçün əyləşəndə Allah bununla mələklər qarşısında fəxr edir. Bir yerə yığışdıqda bizim zikrimizə məşğul olun. Belə məqsədlə bir araya gəlməyiniz bizi diriltməyinizdir.” (Tusi, “Əl-əmali”, 224)
İmam Riza (ə) buyurur: “Bir şəxs bizim əmrlərimizin yada salındığı məclisdə əyləşsə qəlblər ölən gün onun qəlbi sağ qalar.” (“Üyuni-əxbarur-Riza”, 1-294, bab 28, hədis 48; Səduq, “Əl-əmali”, 73)