Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə müdafiə vəkillərinin çıxışı ilə davam edib. Müdafiə vəkilləri çıxışlarında müdafiə etdikləri şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. Elman Ağayevin vəkili Akif Əliyev cinayət işinin materiallarında Ağayevə qarşı olan münasibətdə Lənkəran rayon İcra hakimiyyətinin verdiyi xasiyyətnamənin əsas götürüldüyünü bildirib:
“Separatçılıqdan tutmuş cəsusluğa qədər, dini nifaq salmaya qədər bütün ittihamlar Elman Ağayevə yönəldilmişdi. Orada daha sonra Elmanın kifayət qədər təhlükəli ünsür olması qeyd olunmuşdu. İcra başçısı siyasi fiqurdur, birbaşa prezidentin siyasətini həyata keçirən şəxsdir. Onun göstərişi ilə polislər tabe olaraq cinayət işi qaldırıblar. Məhkəmə araşdırması göstərdi ki, ittiham tərəfi zəif vəziyyətə düşdüyü halda məhkəmə onları düşdüyü vəziyyətdən çıxarmaq istəyirdi. İşin nəinki qanuni və hüquq bərabərliyi əsasında keçirilməsini, bunun əksini gördük. Təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin məhkəmədə qanuni haqları pozuldu. İttiham tərəfin təqdim etdiyi faktlar onların özlərini ifşa elədi. Əməliyyatçı Elman Bayramovun heç adına yazılan sənədlərdən belə xəbəri yox idi. Guya iki nəfər şəxsin izahatını alıb dindiribmiş. Halbuki, məhkəmədə deyirdi ki, mən o şəxslərdən heç bir izahat almamışam. Elman Ağayev kimlərə kitabça paylayıb, qeyri-müəyyən bir dairədir, o şəxslər müəyyən olunmayıb. Amma adına yazılır ki, o iki nəfər şəxsə kitabça paylayıb. Bu absurddur. Eyni zamanda Ağayevin üzünə duran iki şəxsdən biri hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən şəxsdir. Onun iştirak etdiyi cinayət işləri ilə bağlı materialları məhkəməyə təqdim eləmişdik. Bu adamın adına 2012-ci ildən tutmuş 2015-ci ilə qədər 45 cinayət işində rast gəlinib. O özü məhkəmədə bildirdi ki, mənim əlaqə telefonlarım bütün hüquq mühafizə orqanlarında var və lazım olanda çağırılıram”.
Daha sonra məhkəmə digər vəkillərin çıxışlarının 2 oktyabr saat 10:30-da davam edəcəyini elan edib.
Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər