Arannews:Maide.Az-a açıqlamasında vəkil Yalçın İmanov bildirib. O, qeyd edib ki, çoxlu sayda polis əməkdaşları, PPX avtomobilləri ərazidə idi. “Vəkillər buna etiraz əlaməti olaraq məhkəmədə çıxış etməkdən imtina etdi. Yalnız Şeyx Sərdar özü danışdı və qanunsuz həbs edildiyini bildirdi. Qısa müşavirədən sonra hakimlər Masallı rayon məhkəməsinin qərarını qüvvədə saxladı”.Y. İmanov onu da bildirib ki, hökmdən kasasiya şikayəti veriləcək.
Vəkil Cavad Cavadov Maide.Az-a açıqlamasında bildirib ki, məhkəmənin qərarı qüvvədə saxlaması bir daha ədalətsiz addım atıldığını göstərdi. Həmçinin məhkəməyə yaradılan süni maneələr də qəbuledilməzdir.
C. Cavadov Şeyx Sərdarın ona dəstək verən hər kəsə təşəkkür etdiyini də əlavə edib.
Qeyd edək ki, məhkəmədə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etiraz edib. Onlar deyib ki, S.Babayevin məhkəməsinin adı "açıq" olsa da, faktiki qapalı keçirilir, prosesi izləməyə gələn şəxslərin məhkəmədə iştirakına imkan verilmir. Vəkillər etiraz olaraq, məhkəmədə müdafiə çıxışından imtina edib.
S.Babayev özü isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib. Konkret faktları sadalayan ilahiyyatçı deyib ki, məsciddə namaz qılmağa, xütbə oxumağa görə adamı həbs etmək absurddur. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.
Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbarahimoğlu Şeyx Sərdar Hacıhəsənlinin apelyasiya məhkəməsi tərəfindən həbsdə saxlanmasına münasibət bildirərkən deyib ki, illər öncə bir ibarə işlənmişdi ki, bu ölkədə müsəlmanların dini çoxluq olmasına rəğmən dini azlıqlar qədər hüquq və azadlıqları yoxdur. “Bu gün namaz üstündə həbs edilən bir ruhaninin növbəti instansiya məhkəməsində yenə həbsdə saxlanması bir daha onu sübut edir ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dini azlıq qədər hüquq və azadlıqları qorunub təmin olunmur”.
O, qeyd edib ki, dünyanın bütün ölkələrində müsəlman olan şəxsin fundamental hüququ olan namaza heç bir maneə yoxdur. “Lakin təəssüflər olsun ki, Azərbaycanda “namaz məhbusu” anlayışı meydana çıxıb. Çünki namaz elə bir anlayışdır ki, istər cəm şəkildə, istərsə də fərdi olaraq qılınarsa, buna maneə olmağın heç bir izahı yoxdur. Amma təəssüf ki, bu gün biz bunu yaşayırıq. Əslində namaza görə həbs Azərbaycan adına bir utancverici məsələdir. Həm hüquqi, həm də mənəvi baxımdan bu qəbuledilməzdir”.
Xatırladaq ki, bu gün Şirvan şəhər apelyasiya məhkəməsində, namaz məhbusu, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında saat 9:30-da məhkəmə prosesinin keçirilib.
Apellyasiya Məhkəməsində Rafiq Cəlilovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və S.Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda Masallı Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.