Arannews:Hər iki məzhəbin nümayəndələri İslam dininin yaşaması, kənar təkfirçi əqidələrdən qorunması, eləcə də həqiqi dinin dünyaya çatdırılması üçün çox böyük zəhmətlər çəkiblər. Bu proses indi də davam edir.
Lakin təəssüflər olsun ki, özlərini sələfi adlandıran vəhabilərin təkfirçi düşüncələri və əsl İslama aid olmayan əməlləri nəticəsində sünni-şiə vəhdətinə nifaq toxumu səpilib. Amma həqiqi İslamdan, Allahın müqəddəs kitabı olan Qurani-Kərimdən xəbəri olan hər kəs sünni və şiə qardaşlığını qəbul edir.
İslaminSesi xəbər verir ki, “Şiə məzhəbinə mənsub olanları qardaş gözü ilə görməkdə problem varmı” sualına məhz tanınmış sünni alimi Alparslan Kuytul olduqca ibrətamiz cavab verib.
Alparslan Kuytulun sözlərinə görə, məzhəb təəssübkeşliyi etməyə gərək yoxdur: “ Biz sünni məzhəbində olsaq da, şiələri kafir kimi görə bilmərik. Alimlərimiz də bunu bizə öyrədir. ABŞ-ın əsas planı şiə-sünni müharibəsi yaratmaqdır. Bizim bir-birimizi kafir adlandırmağımız ABŞ-ın planının həyata keçməsinə zəmin yaradar. Ona görə də, heç bir məzhəbin nümayəndələri bir-birilərinə iftira atmamalıdırlar və bütün müsəlmanları qardaş olaraq görməlidirlər”.
Qeyd edək ki, eyni yanaşmanı şiə aləminin tanınmış və nüfuzlu alimləri də sərgiləyərək, sünni-şiə qardaşlığının hazırda bütün dövrlərdən daha möhkəm formada qorunub saxlanmasının zəruri olduğunu bildiriblər.