Arannews:Oktyabrın 1-də Gəncə şəhərində 30-a yaxın şəhər sakininin saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə saxlanılanların yaxınları məlumat verib. Adının açıqlanmasından çəkinən mənbənin sözlərinə görə, saxlanılan şəxslər sentyabrın 30-da Tasua günü ilə bağlı İmamzadə məscidində keçirilən mərasimə toplaşıblar.
Mənbə deyir ki, hər il Tasua günü şəhər əhalisi İmamzadə kompleksinə toplaşaraq səhərə qədər orada qalırlar. Şəhər sakinləri İmamzadənin içərisində olan ibadətgahın qapısının açılmasını tələb ediblər. Bu zaman qarşıdurma yaranıb.
Saxlanılanların yaxınları deyir ki, sonradan kamera görüntülərinə baxan polis əməkdaşları tərəfindən 30-a yaxın şəhər sakini saxlanılıb. Şahidlərin sözlərinə görə, saxlanılan şəxslərə şəhərin polis rəisi Faiq Şabanovun iştirakı ilə işgəncə verilib. Saxlanılan şəxslərin işini şəhər prokurorluğunun araşdırdığı deyilir.
Həmin şəxslər vəkillərə və hüquq müdafiə təşkilatlarına müraciət ediblər. Onlar məsələnin ictimailəşdirilməsini istəyirlər.
İş günü olmadığından Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.