Ağlamaq insanın öz daxili hisslərini büruzə verməsinin ən şiddətli formasıdır. İnsan müxtəlif amillərə görə ağlaya bilir.
O cümlədən: sevincinə, təəccübünə, qorxusuna, məhəbbətinə, qəminə və s. görə.
Allah Təala Onun qorxusundan tökülən göz yaşlarını ibadət hesab edir və həmin insana böyük əcr və savab vəd edir. Eyni zamanda İmam Hüseyn (ə) üçün tökülən göz yaşlarının böyük əcrləri vardır.
İmam Hüseynə (ə) tökülən göz yaşlarının əsil amili Həzrətə (ə) olan sevgi və məhəbbətdir. Bu məhəbbət hər bir İmam (ə) aşiqinin qəlbində möhürlənmişdir və insan bu sevgi qarşısında göz yaşlarını saxlaya bilmir. O zaman ki, mömin Həzrətin (ə) Kərbəlada göstərdiyi fədakarlıq və şücaət haqqında eşidir və ya mütaliə edir, göz yaşları özü-özünə süzülməyə başlayır. Çünki bu insanın İmama (ə) mərifəti vardır və onun uca məqamından agahdır.
İmam Sadiq (ə) buyurur: “Hər bir müsibətə göz yaşı tökmək və taqətsizlik etmək məkruhdur, məgər İmam Hüseynə (ə) tökülən göz yaşından başqa ki, əcr və savabı vardır”.
İmam Hüseyn (ə) üçün əza məclisləri təşkil etmək nəinki sadəcə bu məktəbin qorunmasına səbəb olur, müsəlmanlar bu məclislərdə iştirak edərək İslami tərbiyə alar və Hüseyni olmaq üçün inkişaf edərlər.
Morris Dukberi yazır: “Əgər bizim tarixçilər bu günün həqiqətini bilsəydilər, dərk etsəydilər ki, Aşura nə günüdür bu əzadarlıqları dəlilik saymazdılar. Çünki Hüseynin (ə) davamçıları Hüseynə (ə) əza saxlayaraq bilirlər ki, istismarı və alçaqlığı qəbul edə bilməzlər. Çünki onların ağası zülmə boyun əyməmişdi”.
İmam Hüseyn (ə) İslamın ali məqamını qorumaq, insanların şərəf və namusunu hifz etmək üçün özünün və əzizlərinin canından keçir, ancaq Yezidin (lən) qəsbinə və diktatorluğuna boyun əymir.
İmam Sadiq (ə) buyurur: “Əgər kiminsə yanında Hüseyn ibn Əli (ə) yada salınar və gözündən milçəyin qanadı qədər göz yaşı çıxarsa, əcri Allahdadır. Allah Təala onun üçün behiştdən azına razı olmaz”.
İmam Səccad (ə) buyurur: “Hər kimin gözündən bizim yolumuzda bir damcı göz yaşı tökülərsə, Allah Təala ona behiştdə otaqlar əta edər ki, uzun zaman orada sakin olar və nə zaman qətlgahı xatırlayarsa, göz yaşı onu bürüyər”.
İmam Sadiq (ə) buyurur: “Həzrət Hüseyn ibni Əli (ə) buyurur: “Mən eşqə görə öldürülənəm. Heç bir mömin məni yada salmaz, məgər o halda ki, məni yada salan zaman göz yaşı gözlərində halqa vurar””.