Tarix : 2017 Oct 04
Kod 52918

“Erməni casusu olduğumu söyləməyi tələb edirdilər”

Hazırda Azərbaycandan kənarda yaşayan jurnalist İlqar Vəliyev Ağdamda peşə fəaliyyətini yerinə yetirərkən işgəncələrə məruz qaldığını bildirir.
Jurnalist hadisənin bu ilin martında baş verdiyini deyir. O, əlaqədar qurumların araşdırma aparmasını istəyir. Bu haqda onun ifadəsində yazılıb. İfadənin tam mətnini jurnalistin vəkili Elçin Sadıqov yayıb.

İlqar Vəliyev ifadəsində vurğulayır ki, müxtəlif media qurumları ilə əməkdaşlıq edir və atəşkəs pozulması halları ilə bağlı reportaj hazırlamaq üçün 2017-ci il martın 3-də cəbhə bölgəsinə yollanıb. Bu zaman özlərini təqdim etməyən hərbçilər onu saxlayıblar.

“Gözlərimi bağlayaraq məni N saylı hərbi hissəyə apardılar. Orada 4-5 nəfər məni yerə yıxaraq döyməyə başladı. Bel və qarın nahiyəmə zərbələr endirdilər. Məndən “erməni casusu” olduğumu söyləməyimi tələb edirdilər.

Jurnalist İlqar Vəliyev
Jurnalist İlqar Vəliyev.

Mənim Gürcüstana gedib, oradan da gizli yolla Ermənistana keçib, tapşırıq aldığımı bildirirdilər. Məni otağa salıb, belimə zərbələr endirirdilər, belimin üstünə çıxıb gəzirdilər”, – deyən jurnalist daha sonra komandirlərinin yanına aparıldığını bildirib.

“Komandirin məni təhqir edib, “erməni casusu” olduğumu etiraf etməyimi istəyirdi. Mən ora jurnalist kimi getdiyimi və ermənilərlə əlaqəmin olmadığını deyirdim. Bu cavablar onları qane etmirdi və döyməyə davam edirdilər. Məndən sonra Ağdamda yaşayan qohumlarımın da gözlərini bağlayıb hərbi hissəyə gətirib, sorğu sual etdilər”, – jurnalist ifadəsində belə deyib.

Onun sözlərinə görə, hərbi hissədə saxlanılması ictimailəşdikdən sonra komandirlər narahat olmağa başlayıb. Axşam saatlarında onu azad ediblər. Ancaq baş verənlər haqda hər hansı məlumatın yayılmaması barədə xəbərdarlıq ediblər.

İ.Vəliyev Bakıya qayıdandan sonra jurnalist həmkarları onun bədənində xəsarət izlərinin fotolarını çəkiblər. Ağrıları artan jurnalist bir neçə gün sonra müalicə üçün Gürcüstana gedib. Orada hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının da yardımı ilə müalicə alıb.

İfadədə bildirilir ki, ölkədən kənarda olduğu vaxt İ.Vəliyev barəsində hökumətə yaxın mediada yazılar yayılıb. Həmin yazılarda İ.Vəliyev qeyri-qanuni əməllərdə ittiham edilib. Jurnalist qeyd edir ki, Azərbaycanda barəsində cinayət işi var. Ancaq cinayət işinin detalları açıqlanmır.

Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov.

Vəkil Elçin Sadıqov deyir ki, baş verənlərin araşdırılmasından ötrü, gərəkli hüquqi addımlar atılacaq. Vəkil yaxın günlərdə Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Ombudsmana və digər əlaqədar qurumlara müraciət edəcək.

Jurnalistin iddiaları ilə bağlı hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

İ.Vəliyev sərbəst buraxıldıqdan sonra başına gələnlər barədə detallı məlumat yaymamışdı.

O zaman rəsmi qurumlar, eləcə də Müdafiə Nazirliyi İ.Vəliyevin saxlanılması ilə bağlı geniş məlumat verməmişdi. Ağdam rayon Polis Şöbəsi jurnalistlə bağlı bilgili olmadığını, belə saxlama halının baş vermədiyini açıqlamışdı.


  • Yazılıb
  • da (də) 2017 Oct 04
  • Göndərən مدير سايت Aran News