İsrail qüvvələri Fələstinin Nəqab bölgəsində bədəvilərə məxsus əl-Əraqib kəndini son 7 ildə 119-cu dəfə buldozerlərlə dağıdıb.
Arannews:İslamazeri.com xəbər verir ki, bu barədə Fələstin hökumətinə yaxın "Wafa" xəbər agentliyi məlumat yayıb.Yerli fəallardan olan Əziz əl-Turi bildirib ki, İsrail buldozerləri polislərin müşayiəti ilə kəndə daxil olub və içərisində insanların ola biləcəyinə məhəl qoymadan daxmaları yerlə-yeksan etməyə başlayıb. "İsrail həmişə bizi provokasiyaya cəlb etməyə çalışır. Söküntülər bizi qorxuda bilməz, evlərimizi yenidən bərpa etməyimizə mane ola bilməz", - deyə o jurnalistə bildirib.
Bildirək ki, İsrail fələstinli bədəvilərin evlərini sökmək üçün lazım olan xərci də məhkəmə yolu ilə onların öz boynuna yükləyir. Belə ki, İsrail məhkəməsinin qərarına görə, əl-Əraqib kəndinin altı sakini keçəndəfəki söküntü işinə görə İsrail hökumətinə 72 min ABŞ dolları ödəməlidir. Kənd sakinləri bildiriblər ki, 2010-cu ildən bəri İsrail məhkəməsi evləri sökülmüş sakinlərin boynuna söküntü xərcləri qismində 541 min dollar öhdəlik qoyub.