Arannews:Bakının Binə qəsəbəsinin "Atçılıq sovxozu" deyilən ərazisində baş verən bu hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb. Faktxeber.com məsələ ilə əlaqədar Azərbaycanın tanınmış ilahiyyatçılarından və ruhanilərindən münasibət öyrənib.
Hacı Cavad məscidinin axundu, ruhani Hacı Əhliman Rüstəmov qəmə vurmağın haram olduğunu bildirdi: “Bizim mərcəiyyət, təqlid etdiyimiz müctehidlərimiz var, onların əksəriyyəti də bunu haram elan ediblər. Əgər bir müctəhid bunu haram bilirsə, təbii ki, biz də bunu haram bilməliyik. Qədimdə bu işi çox yerlərdə görüblər. O zaman mərcəiyyətlə əlaqələr bu səviyyədə olmayıb, yaxud başqa səbəblərdən buna qarşı hökm verilməyib. Bəziləri bilmədən bunu edir, ancaq bilsələr ki, haramdır,inşəallah ki, etməz”.
Azərbaycan İslam Patiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyev də açıqlamasında bildirdi ki, qəmə vurmaq İslam alimləri tərəfindən qəbul olunmur: “Qəmə vurmaq İslam aləminin demək olar bütün müctehidləri tərəfindən məzəmmət edilib və haram elan olunub. Bildirilib ki, insanın öz bədəninə xəsarət yetirməsi günahdır, bu mənada qəmə vurmaq da haramdır”.
Hacı İlham Əliyev bununla belə cəmiyyətdə bir qrup mənfi düşüncəli insanın müsəlmanların adından belə bir addım atmasından təəssüfünü bildirdi: “Bunlar, sadəcə şiə aləmini ləkələmək niyyəti güdən ingilis siyasətinin qurbanlarıdır. Onlar həqiqəti başa düşmədən İslamı, dini və xüsusilə şiə aləmini ləkələmək məqsədiylə bu cür qəmə vurmağı yayırlar.”
QMİ-nin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirdi ki, məsumlardan gələn hədislərə əsasən İmam Hüseyn (ə) xatirəsi hər il yad edilməlidir: “Əzadarlıq mərasimləri İmamlarımızdan gələn bir ənənədir. Bu həm də Azərbaycan xalqının bir ənənəsidir, Peybəmbərin ailəsinə məhəbbətin nümunəsidir».
İlahiyyatçının sözlərinə görə, əzadarlıq mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun şəkildə keçirilməlidir, hadisənin mahiyyətinə kölgə yaradacaq əməllərin edilməsi isə qətiyyən yolverilməzdir: “Baş yarmaq məsələsi birmənalı olaraq dinimizin qəbul etmədiyi, haram buyrulan bir əməldir. Böyük din xadimləri də bunun haram olması ilə bağlı fətvalar veriblər. Bu həm alimlərin görüşünə əsasən haramdır, həm də insan düşünərsə, ağıl da bunu deyir ki, bu şəkildə əzadarlıq etmək İslamın, İmam Hüseynin əzəmətli Kərbəla məktəbinin gözdən düşməsinə gətirib çıxarır. Ona görə də əzadarlıq edərkən belə əməllərdən uzaq olmaq vacibdir.”
Hacı Şahin vurğuladı ki, QMİ Məhərrəm ayı ilə bağlı fətvada belə əməllər yolverilməz adlandıraraq, əzadarlıq zamanı ədəb-ərkana və əxlaq qaydalarına riayət edilməsini tövsiyə edib: “Ölkə boyu onlarla məsciddə dinc şəkildə əzadarlıq mərasimi keçirildi, insanlar kütləvi şəkildə bu mərasimlərdə iştirak elədi və hər hansı neqativ hal qeydə alınmadı. Bu nümunəvi tədbirlər idi. Mətbuatda da işıqlandırıldı. Yüzlərlə insan bir araya gəlib bir qəmin ətrafında birləşdi. Bu əslində fədakarlıq nümunəsi, şəhidlik məktəbinin insanlar içində yaşamasıdır. Xütbələrdə məscidlərdə Qarabağla bağlı söhbətlər edildi, şəhidlərimizin fotolarını əks etdirən fotolar vuruldu. Yəni gənclərə vətənpərvərlik ruhunun aşılanmasında bu mərasimlərin böyük rolu oldu. Görünür ki, Azərbaycan xalqını sevməyən bəzi kəslər narahat olub, bu şəkilləri - qan içində baş yaran insanların fotoların yaymaqla mərasimlərə kölgə salmaq, dözümsüzlük mühiti yaratmaq istəyirlər. Bu əməllər Azərbaycan xalqının özünə, inancına qarşı yönəlib. Bəzən hətta Qərbin himayə etdiyi mətbuat bu məsələləri şişirdir, əzadarlıq məqsədli şəkildə belə təqdim olunur. Ona görə insanlar ayıq olmalıdır ki, xaricdən qurulan plana uymasınlar, əzadarlığı layiqli şəkildə qeyd etsinlər.”
Tanınmış ilahiyyatçı Hacı Vasif Nəftullayev bu məsələni eşidən kimi, hər bir inanclı kimi narahat olduğunu və təəssüf hissi keçirdiyini bildirdi: “Elə bir dünyada yaşayırıq ki, bu gün düşmən var qüvvəsi ilə İslama, xüsusən Əhli-beyt məktəbinə hücum edir. Belə bir dönəmdə Əhli-Beyt sevgisi iddiasında olan bir qrupun bu cür addım atması düşmən quyusuna su tökməkdir, düşmənin istədiyinin biz tərəfdən təqdim olunmasıdır.”
İlahiyyatçı alim İslama zərər gətirən belə halların yolverilməz olduğunu bildirdi: “Bunun hər kim etsə, fərqi yoxdur, ya doğurdan cəhalətdən, bilməyərəkdən olsun, ya da bilərəkdən, sevgi adı altında edilsin, sevgi hesab olunmur və İmam Hüseyn məktəbinə, İmam Hüseyn Aşurasına bir zərbədir. Hər bir dövrdə düşmən belə hiylələrdən istifadə edib. Bir daha qeyd edirəm ki, qəmə vurmaq İslama, xüsusən şiəçiliyə ziddir, şiəlçiliyin əleyhinə atılmış addımdır, siyasətdir. Hər kim bu əməli dəstəkləsə, İmam Hüseyn düşmənini dəstəkləmiş olur.”
Yasamal rayonunda yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin axundu Hacı İlqar Rəcəbov da eyni fikirləri səsləndirdi: “Qəmə vurmaq, başdan qan çıxarmaq şəriətdə haramdır. Quranda ayələr var ki, özünüzü əlinizlə təhlükəyə atmayın. Hədislər də var. Həqiqət budur ki, birmənalı olaraq qəmə vurmaq haramdır. Bunu mücteidlərimiz də, Şeyx də deyir. Onun əvəzinə talasemiya xəstələrinə qan vermək daha əfzəldir, savabdır. Xüsusən bugünkü qlobal dünyada, XXI əsrdə bunun yeri yoxdur. Qan tökəndə başqa insanlara vəhşi kimi təqdim edilirik. Bunun əvəzinə İmam Hüseyn (ə) məktəbindən gözəl şəkildə maariflənmək lazımdır”.
“Təzə Pir” məscidinin axundu, ilahiyyatçı Mircəfər Əyyubzadə də məsələyə münasibət bildirdi: “İslam aləmində məşhur olan müctehidlərin bu barədə açıq fikri var: Dini ayinlərin təhqirinə, ictimai qınağa səbəb olacaq və Əhli-Beyt (ə) məktəbinin hörmətsiz olmasına səbəb olacaq əzadarlıq hərəkətlərdən çəkinmək vacibdir. O fəqihlər ki, bu barədə bir söz deməyiblər, onlara da bu hadisələrin necə əks-səda doğurduğunu düzgün çatdırmayıblar. Məsələn, keçmiş və ya indiki fəqihə desəniz ki, qəmə vurmaq nəticəsində sosial şəbəkələrdə, ictimai mətbuatda milyonlarla, milyardlarla insan Əhli-beyt (ə) məktəbinə bədbin olur, o, təbii ki, deyəcək yox, olmasın. Belə bir ayə, hədis yoxdur ki, kim qəmə vursa, filan savab veriləcək.”
İlahiyyatçı vurğuladı ki, qəmə vuranlar iki yerə ayrılırlar: “Bəziləri kor təəssübkeşlik edir. Digərləri isə həqiqətən elə bilirlər ki, bu əzadarlıq nümunəsidir, ürəyiyananlıqla edirlər. Aldanmış insanlardır. Bunları götürüb böyük bir ajiotaj, hay-küy yaratmaq nə ziyalı, nə elmi, nə səviyyəlli, nə mütərəqqi işdir, bunların heç bir kateqoriyasına daxil deyil.”
“Təzə Pir” məscidinin axundu bununla bağlı tövsiyələrini də çatdırdı: “Əvvələ Qafqaz Müsəlmanları İdarəsi “Məhərrəmlik fətvası”nda bütün bunları qeyd edib ki, insanları qorxudan, dini ayinlərin hörmətsizliyinə gətirən qəmə vurma kimi əməllər olunmamalıdır. Ruhanilərimiz də bunun əleyhinə təbliğat aparıblar və bu ölkədə kütləvi xarakter daşımır. Ümumiyyətlə, dünyada şiələr yaşayan ölkələrdə belə, bu, kütləvi xarakter daşımır. Bir neçə yerdə var, bunu edənlər də dindarların öncülləri, din flaqmanları deyil.”
“Bir məsələni də qeyd etmək istəyirəm. Bir dəfə İblis İsa Peyğəmbərə dedi ki, “Bismilləhir Rahmənir Rahim” de. Peyğəmbər də buyurdu ki, demirəm. İblis səbəbini soruşduqda isə o Həzrət buyurdu ki, çünki sən əmr edirsən. Bu hadisələri şiələrə, Əhli-beyt məktəbinə yapışdırmaq istəyənlərin məqsədi nə İmam Hüseynin (ə), nə İslamın təəssübünü çəkməkdir, onlar nə şiə, nə sünnidir. Onlar bəhanə axtaranlardır ki, necə edək İmam Hüseyni (ə) ləkələyək. Onların sözləri bizim dini ayinlərimiz üçün əsas deyil. Biz fiqh alimlərimizə qulaq asırıq, ağlımızı işlədirik, başa düşürük ki, Əhli-beytin əzasını saxlamaq üçün hansı əməllər münasibdir, hansılar münasib deyil.”