Tarix : 2017 Oct 07
Kod 52938

''Nardaran işi'': Söyülməkdənsə, on il yatmağı üstün tuturam

''Mənə dedilər yaz ki, zibillikdən silah tapmısan''
Arannews:"Mənim yetmiş yaşım var. Mən uşaq deyiləm ki, silahla bayıra çıxam”. 
Bu sözləri məhkəmədə təqsirləndirilən Əmirli Əliyev deyib. 
Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi keçirilib.
Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda polis əməkdaşları ifadə veriblər.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kamil Məmmədov deyib ki, Əli Şahbazovla Əmirəli Əliyevin evində keçirilən axtarışda iştirak edib. Onlardan silah və Taleh Bağırzadənin müraciət kitabçası olduğu iddia edilən kitabçanın tapıldığını deyən şahid hər şeyi olduğu kimi danışdığını bildirib.
Əmirəli Əliyev isə bildirib ki, onda silah və kitabça olmayıb: 
"Həmin vaxt Nardaranda əməliyyat keçirilmişdi, hər yerdə polis var idi. Silah olsaydı, aparıb həyətdəki quyuya atardım. Mən o kitabı heç vaxt görməmişəm. Mənim övladlarımı həbs etmişdilər. Dedim: "Onları buraxın, məni həbs edin, bir silah ittihamı verərsiniz". Onlar da razılaşdılar. Mənə on il də versələr, yalan danışa bilmərəm".
İclasda ifadə verən BMCMİ-nin digər əməkdaşı Ramil Səlimov isə İsa İbrahimovla Ramil Əliyevin evində axtarışda iştirak etdiyini, onlardan silah tapıldığını deyib. İsa İbrahimov isə deyib ki, onu ailəsi ilə hədələyiblər:
"Mənə dedilər: “Səni buraxsaq, atanı həbs edəcəyik”. Mən də buna razı olmadım. Dedilər: "Yaz ki, qəbirsanlıqdan silah tapmısan". Mən də dediklərini etdim”. 
O, evində silah olmadığını, silahı polislərin qoyduğunu deyib.
Ramil Əliyev isə deyib ki, onu saxlayanda polislərlə şərt kəsib:
"Dedim ki, gedək evə baxın, amma kişi kimi axtarın. Onlar da istehza ilə dedilər ki, elə edəcəyik. Protokolu da evdə yox, polis şöbəsində yazdılar. Mənə dedilər yaz ki, zibillikdən silah tapmısan. Mən də razılaşdım. Söyülməkdənsə, on il yatmağı üstün tuturam. Mən buradan azad olmaq üçün danışmıram. Sadəcə həqiqət nədir onu deyirəm. Bizim buradan düşməyimiz kimdənsə asılı deyil. Allah belə məsləhət bilib. Allah da bizi buradan çıxaracaq. Sizi Allaha tapşırmışam ".
İclasda Ağa-əli Yəhyayevin evində axtarış zamanı hal şahidi kimi iştirak edən Rəşad Verdiyev də ifadə verib. O da evindən silah çıxdığını deyib.
A.Yəhyayev isə deyib ki, onları Taleh Bağırzadəyə görə həbs ediblər:
"Bizi terrorçu kimi qələmə verirlər. Lakin cəmiyyətdə bizdən ziyansız adam yoxdur. Allahımız bizi qoruyur".
Təqsirləndirilən Nahid Qəhrəmanov isə deyib ki, onların heç kiminlə düşmənçiliyi yoxdur: 
"Bizim nə şahidlə, nə hakimlə düşmənçiliyimiz var. Bizim düşmənçiliyimiz məktəbdə hicabı qadağan edənlədir. Avropada heyvanların da hüquqları qorunur. Azərbaycanda günahsız insanlara belə ağır ittiham verilir. Azərbaycanda məhkəmə yoxdur. Biz bilirik yuxarıdan nə desələr, onu edəcəksiniz. Nə qədər cəza verəcəyinizi də bilirik. Bizim vəkilimiz Allahdır".
Proses oktyabrın 13-də davam edəcək.

  • Yazılıb
  • da (də) 2017 Oct 07
  • Göndərən مدير سايت Aran News