Tarix : 2008 Jun 16
Kod 5294

RUSİYADA GƏLMƏLƏRƏ YENİ TƏHÜLKƏ

Yeni qurumun liderlərindən biri Aleksandr Yantevin dediyinə görə, miqrantlar yaşadıqları yerə uyğunlaşmalı, yerli xalqın adət-ənənəsini və həyat prinsiplərini qəbul etməlidir
Russia Servisi/Aran Agentliyi
Bugünlərdə Moskvada Rusiyada fəaliyyət göstərən radikal-millətçi, şovinist və ksenofob təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Yeni siyasi millətçilik” mövzusunda konfrans keçirilib. Toplantıdan sonra “Qanunsuz Miqrasiyaya qarşı Hərəkat” (DPNİ), “Böyük Rusiya” Partiyası, “Xalq” Rusiya Azadlıq Hərəkatı və Rusiya İctimai Hərəkatı birgə bəyanat verərək yeni bir qurumun - “Rus Milli Hərakatı”nın yaradılmasını elan ediblər. “Biz yeni millətçi hərəkat forması yaradır və məqsədlərimiz üçün siyasi vasitələrlə mübarizə aparmaq niyyətində olduğumuzu bəyan edirik”, - deyə konfransın yekun bəyannaməsində bildirilir.

Yeni qurumun liderlərindən biri Aleksandr Yantevin dediyinə görə, miqrantlar yaşadıqları yerə uyğunlaşmalı, yerli xalqın adət-ənənəsini və həyat prinsiplərini qəbul etməlidir. “Belə olan halda onlara kimsə bir söz demir və deməz də. Lakin miqrantlar, o cümlədən Qafqazdan, Ermənistan, Azərbaycan və Gürcüstandan gələn bəzi cənablar burada öz adət-ənənələrini hər şeydən üstün tutmağa, rusların davranışlarına, tarixinə və ənənələrinə barmaqarası baxmağa başlayanda, özlərini hamıdan ağıllı hiss edəndə təbii ki, millətçilər sinirlənirlər”.
Rusiya KİV-nin yaydığı xəbərdə o da deyilir ki, ən radikal millətçi qruplaşma və hərəkatların bir araya gətirilməsi ideyası ksenofoblarla şovinistlərin özlərinə yox, Kremlə məxsusdur. Bilavasitə təşkilatçı isə məşhur siyasi texnoloq Stanislav Belkovskidir. Moskva Helsinki Qrupunun sədri Lyudmila Alekseyeva isə millətçilərin yeni struktur yaratmaq cəhdlərini və bunun Kreml tərəfindən üstüörtülü şəkildə dəstəklənməsini çox təhlükəli sayır: “Hakimiyyət üçün millətçiləri dəstəkləmək ölümə bərabərdir. Rusiya çoxmillətli ölkədir və burada millətçilərin göstəriş əsasında birləşməsi, onlara hansısa kart-blanşların verilməsi bəribaşdan uğursuz gedişdir”.

Hələ ki Moskvadakı Azərbaycan icmalarının heç biri baş verən toplantıya öz münasibətini bildirməyib.
  • Yazılıb
  • da (də) 2008 Jun 16