Tarix : 2017 Oct 07
Kod 52942

Əhsən Nuruzadənin yenə yoxa çıxdığı bildirilir

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran işi üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Əhsən Nuruzadənin yenə yoxa çıxdığı bildirilir. O, oktyabrın 6-da evdən çıxıb Nardaran hadisələri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu haqda AzadlıqRadiosu-na dindar fəalın yaxınları məlumat verib.
Məlumata görə, Ə.Nuruzadə evlərinin yaxınlığında qara “Jeep” modelli avtomobilə mindirilərək bilinməyən istiqamətdə aparılıb. Ailə üzvləri dərhal onun mobil telefonuna zəng eləyiblər. Əvvəlki bir neçə zəngə cavab verilməyib, sonradan isə telefon söndürülüb.

Ə.Nuruzadə oktyabrın 2-də həbsdən buraxılıb. O, sentyabrın 19-da günorta saatlarında evdən mağazadan siqaret almaq adı ilə çıxmış və mülki geyimli üç nəfər tərəfindən saxlanılaraq aparılmışdı. Dörd gün ondan xəbər çıxmadı. Sentyabrın 22-də axşam saatlarında ailəsinə zəng edərək bildirdilər ki, Əhsən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib, ona görə də Nərimanov rayon məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Sonradan vəkili ilə görüşündə Ə.Nuruzadə bildirib ki, yalandır, onu evinin qarşısından elə birbaşa BMCMİ-yə aparıb, dörd gün orada saxladıqdan sonra inzibati qayda pozuntusu haqda protokol yazıb, məhkəməyə çıxarıblar.
  • Yazılıb
  • da (də) 2017 Oct 07
  • Göndərən مدير سايت Aran News