Tarix : 2017 Oct 08
Kod 52947

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun dəyişdirilmə səbəbi bəlli oldu

Tanınmış ekspert Ələsgər Məmmədli Milli Məclisin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni dəyərləndirib.
Arannews:Tanınmış ekspert Ələsgər Məmmədli Milli Məclisin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni dəyərləndirib. Gununsesi.info bildirir ki, hüquqşünas bu layihənin başqa məqsədlərə xidmət etdiyini deyib: “Vəkillər Kollegiyasının üzvlərinin sayı 900 nəfər ətrafındadır. Bu günədək Avropa Məhkəməsində Azərbaycan vətəndaşlarının pozulan hüquqlarını keyfiyyətli müdafiə edənlərdən yalnız 3-5%-i ancaq Kollegiya üzü olan vəkillərdir. Amma xeyli sayda məhkəmə işləri olub ki, onları kollegiya üzvü olmayan hüquqşünaslar qazanıblar. İndi Parlamentdə nümayəndəliyin ləğv edilməsini gündəmə gətirirlər. Düzdür, bu birbaşa Avropa işlərinin önünü kəsən məsələ olmayacaq, amma işin başından kontrollu aparılması və boşluqlar qalmaması baxımından problemlər yaradacaq.
Rəsmi təqdim edilən səbəbin nə olmasından aslı olmayaraq əsas səbəb məhz Kollegiyadan kənarda fəaliyyət göstərən və cəmiyyətdə daha çox insanın ümid yeri olan hüquqşünasların, hüquq müdafiəçilərinin xüsusilə məhkəmələrdən uzaq tutulması istəyidir. Hər kəsə gün kimi aydındır ki, sadəcə Vəkillər Kollegiyasındakı qeydli vəkillərlə yüksək keyfiyyətli hüquqi yardım təmin etmək mümkün deyil. Xüsusilə rayonlarda işlərin 80-90%-i vəkillər olmadan nümayəndələr vasitəsi ilə aparılır. Bu dəyişikliklə vətəndaşların məhəkəməyə çatımlılığı bir az da azalacaq, pozulan və bərpa edilməyən hüquqlar, ədalətsizliklər çoxalacaq”. 
Ə.Məmmədli deyir ki, ayrıca, bu yanaşma insan hüquqları baxımından yanlış addımdır: “Çox saylı vətəndaş Kollegiyanın qeydiyyatında olan vəkildən çox, özünün seçdiyi hüquqşünasa etibarnamə verərək, işinin keyfiyyətli aparılmasına daha çox inanır.  Vətəndaşın öz hüquqlarını müdafiə üçün etibar etdiyi şəxsin önünə əngəllər qoymaq, süni hüquqi maneə yaratmaq kökündən səhvdir. Zorla gözəllik olmaz. Kollegiyanın hörmətini, etibarını qaldırmaq üçün inzibati amiranə metodla nəticə əldə etmək olmaz.
Bunun üçün kollegiyaya hökumətin müdaxiləsi tamam dayanmalı, Vəkillikdən uzaqlaşdırılan, yaxud başından kollegiyadan kənarda tutulan adlı-sanlı hüquqşünasların üzvlüyü bərpa edilməli, akademik fəaliyyəti olan hüquşünasların Kollegiyaya üzvlüyü avtomatik həll olunmalı, yeni hüquqşünasların daha aydın, qərəzsiz və şəffaf qəbul prosesi aparılmalı, vəkillərin özlərinin tam könüllü idarəsi formalaşmalı, Kollegiya tamamilə muxtar bir qurum halına gəlməli, mühakimə prosesində bərabərhüquqlu tərəf kimi qəbul olunmalıdır.
İstintaqın qapısında sürünən, müvəkkili ilə görüşdürülməyən, vəkil sirrinə hörmət göstərilməyən, cəzaşəkmə müəssisələrinə rüşvətsiz girə bilməyən, hakimlərin proseslərdə təhqir, etdiyi, alçaltdığı, aşağıladığı, xoşu gəlməyənləri dərhal Kollegiyaya şikayət edib, atdırdığı, izahatlar yazdırdığı, xəbərdarlıqlar verdirdiyi vəkillərlə keyfiyyətli hüquqi yardım olmaz. Bu addım vəkilliyi bir az da dərinə batıracaq. Rəqabət olmayan yerdə inkişaf olmaz”.

  • Yazılıb
  • da (də) 2017 Oct 08
  • Göndərən مدير سايت Aran News