Tarix : 2017 Oct 11
Kod 52981

Oğurlanan inanclı fəal “narkotik”lə şərləndi

Əhsən Nuruzadədən 4 gün idi ki, xəbər yox idi. O, oktyabrın 6-da evdən çıxarkən yenə mülki geyimlilər tərəfindən oğurlanaraq, aparılmışdı Əhsən Nuruzadə Kürdəxanı təcridxanasından tapıldı; “Bandotdel”də onun haqqında cinayət işi başlanıb
Arannews:Əhsən Nuruzadə Kürdəxanı təcridxanasından tapıldı; “Bandotdel”də onun haqqında cinayət işi başlanıb
Bundan öncə iki dəfə evinin yaxınlığından oğulanaraq, bir neçə gün sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tapılan Müsəlman Birliyi Hərəkatının üzvü, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı olan Əhsən Nuruzadədən 4 gün idi ki, xəbər yox idi. O, oktyabrın 6-da evdən çıxarkən yenə mülki geyimlilər tərəfindən oğurlanaraq, aparılmışdı. Ötən dörd gün ərzində ailə üzvlərinə, vəkilinə onun yeri haqda heç bir məlumat verilməmişdi. Bu gün isə məlum olub ki, Əhsəni evinin yaxınlığından tutub aparanlar yenə “bandotdel” əməkdaşları olub. Əvvəlki iki dəfədə dindar fəala 10 sutkalıq inzibati həbs cəzası verdirməklə kifayətlənsələr də, bu dəfə onun barəsində cinayət işi başlanıb. Ə.Nuruzadəyə şərlənərək CM-nin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham veriblər.
Dindar fəalın vəkili Yalçın İmanov bildirib ki, Ə.Nuruzadə barəsində həbs-qətimkan tədbiri seçilib və o, oktyabrın 9-dan Kürdəxanı təcridxanasındadır. Lakin bu haqda rəsmi şəkildə nə vəkilə, nə də ailəsinə məlumat verilməyib.
Xatırladaq ki, Ə.Nuruzadə həm bu ilin yanvarında, həm də sentyabrda bir neçə gün yoxa çıxdıqdan sonra məlum olmuşdu ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib. Səbəb kimi isə onun “bandotdel”in qarşısından keçərkən yüksək səslə telefon danışığı zamanı təhqiramiz ifadələr səsləndirməsi, onu intizama dəvət edən polislərin qanuni tələbinə əməl etməməsi göstərilib.
Ə.Nuruzadə isə bu ittihamın yalan olduğunu bildirib. Vəkilinə deyib ki, onu “bandotdel”də daha çox Taleh Bağırzadə, Milli Şura haqda sorğu-suala tutublar. Özünə də xəbərlarlıq ediblər ki, əgər “ağıllanmasa” növbəti dəfə artıq inzibati həbs olmayacaq, cinayət işi qaldırıb, uzunmüddətli həbsə göndərəcəklər.
Qeyd edək ki, Ə.Nuruzadəyə ittiham verilən maddənin sanksiyasında 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
  • Yazılıb
  • da (də) 2017 Oct 11
  • Göndərən مدير سايت Aran News